Xəbərlər

Məktəblilər arasında intellektual oyun üzrə çempionatın qalibləri müəyyənləşib

Bakı, 29 may, AZƏRTAC

 

“Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində Təhsil Nazirliyinin təşkilatçılığı və Azərbaycan İntellektual Klublar Assosiasiyasının dəstəyi ilə məktəblilər arasında intellektual oyun üzrə çempionat keçirilib.

 

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, çempionat respublikanın bütün rayonlarını əhatə etməklə Bakı, Gəncə, Sumqayıt, Şəmkir, Mingəçevir, Şirvan, İmişli, Masallı, Quba, Zaqatala və Göyçayda təşkil olunub. Bakı üzrə təşkil olunan çempionatda ümumilikdə 60 komanda mübarizə aparıb.

 

Yarışın qalibi Bakı Avropa Liseyinin komandası olub. Regionlar üzrə keçirilən çempionatda isə Sumqayıt Şəhər Texniki və Təbiət Elmləri Liseyinin, Gəncə şəhəri 31 nömrəli tam orta məktəbin, eləcə də Füzuli, Abşeron, Ucar, Zaqatala, Lənkəran, İmişli, Qazax və Bərdə rayonlarındakı məktəblərin komandaları qalib adına layiq görülüb.

 

Çempionatın keçirilməsində əsas məqsəd gənclərin intellektual və yaradıcılıq bacarıqlarının inkişafına təkan vermək, eləcə də yüksək yaradıcılıq qabiliyyətinə, intellektual potensiala və müxtəlif sahələrdə dərin biliklərə malik gəncləri aşkara çıxarmaq, daha çox məktəblini intellektual fəaliyyətə cəlb etməkdən ibarətdir.

 

Çempionatın təşkilində Təhsil Nazirliyinin "BİR" Tələbə Könüllü proqramının üzvləri fəal iştirak ediblər.

 

Qaliblər Təhsil Nazirliyi tərəfindən kubok və medallarla təltif olunublar.