Cümhuriyyətin yaranması Azərbaycan xalqının milli özünüdərkinin, oyanışının məntiqi nəticəsi idi
Tovuz, 28 may, Famil Quliyev, AZƏRTAC
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi Tovuz rayonunda təntənə ilə qeyd edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda keçirilən tədbiri rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov açaraq XX əsrin əvvəllərində ictimai-siyasi vəziyyətdən, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasından və onun həyata keçirdiyi tədbirlərdən, dövlətçilik tariximizdəki rolundan danışıb. Bildirib ki, müsəlman Şərqində ilk demokratik respublika olan AXC-nin yaranması XIX əsrin sonu - XX əsrin əvvəllərindəki ictimai-siyasi proseslərin, Azərbaycan xalqının milli özünüdərkinin, oyanışının məntiqi nəticəsi idi. AXC 23 aylıq fəaliyyəti dövründə xalqımızın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya nümayiş etdirdi.
Diqqətə çatdırılıb ki, 1991-ci ildə Azərbaycan xalqı müstəqilliyini qanlar bahasına bərpa etdi, cümhuriyyətin dövlətçilik ənənələrini davam etdirərək, bu tarixi varislik üzərində öz dövlətini yaratdı. Müasir müstəqil Azərbaycanın dövlətçiliyi ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri sayəsində qorunub saxlanılıb və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyub.
Sonra rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup şəxsə Azərbaycan Xalq Cümhuriyyətinin 100 iliyi ilə əlaqədar fəxri fərman təqdim olunub.
Bayram tədbiri rayon incəsənət ustalarının konsert proqramı ilə davam etdirilib.
28.05.2018