Xəbərlər

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında 2-ci Beynəlxalq İncəsənət Olimpiadası keçirilib

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Gənclər İttifaqının təşəbbüsü ilə 2-ci Beynəlxalq İncəsənət Olimpiadası keçirilib.


İncəsənət olimpiadasının keçirilməsinin əsas məqsədi ölkələr arasındakı xarici əlaqələri genişləndirmək, gənc istedadlarla yaxından tanış olmaq, uşaqların və rəhbərlərin  xarici iştirakçılar və müəllimlərlə tanışlığı olub.


Olimpiadadakı çıxışlar üç janrda: folklor, klassik və müasir estrada janrlarında olub. İncəsənət olimpiadasının iştirakçıları arasında Gürcüstanın vokal və instrumental ansamblları da yer alıb. 


Çıxışlar hər yaş kateqoriyası üzrə solo, duet ifalar, kiçik qruplar və ansamblların çıxışı formasında gerçəkləşib. İştirakçılar  7 yaşa qədər kiçik uşaqlar, 10 və 16 yaşa qədər uşaqlar olmaqla yaş kateqoriyası üzrə qruplaşıblar. 


İncəsənət olimpiadasının əsas şərtlərindən biri isə o olub ki, çıxış zamanı iştrakçıların adları və hansı məktəbdən və ya qrupdan olduqları açıqlanmamalıdır (hətta müəllimlərin adları çəkilmir). Seçim əvvəlcədən paylanmış nömrələr əsasında keçirilib.


Peşəkar münsiflər heyəti kimi incəsənət xadimləri çıxış ediblər.