Yeniyetmə həndbolçularımız Gürcüstanda yoldaşlıq oyunlarında qüvvələrini sınayacaqlar
Bakı, 17 may, AZƏRTAC
Azərbaycanın 2000-2001-ci və 2002-2003-cü il təvəllüdlü qızlardan ibarət həndbol üzrə milli komandaları yoldaşlıq görüşlərində qüvvələrini sınayacaqlar.
Azərbaycan Həndbol Federasiyasından AZƏRTAC-a bildirilib ki, yeniyetmə həndbolçularımız mayın 20-də Gürcüstana yola düşəcəklər. Mayın 21-dən 23-dək Telavidə keçiriləcək yoldaşlıq görüşlərində qızlarımız Gürcüstanın eyni yaş qruplarından ibarət komandaları ilə qarşılaşacaqlar.
Yoldaşlıq görüşlərində iştirak etməkdə əsas məqsəd iyunun 2-dən 6-dək İsveçdə təşkil ediləcək açıq Avropa çempionatına və mayın 29-dan iyunun 3-dək Bosniya və Herseqovinada keçiriləcək “Challenge Trophy” yarışlarına hazırlıqdır.
17.05.2018