Xəbərlər

“Hazırcavablar” intellektual teleoyununda 30 nömrəli məktəbin komandası qalib gəlib

Bakı, 14 may, AZƏRTAC  


Ümumtəhsil müəssisələrinin şagirdlərindən ibarət komandalar arasında növbəti intelletual teleoyun təşkil edilib.


Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, bu qurumun tabeliyindəki 24, 30, 80 və 177 nömrəli tam orta məktəblərin komandaları “Hazırcavablar” intellektual teleoyununda yarışıb.  Məktəblilər “Dil və ədəbiyyat”, “Coğrafiya”, “Futbol”, “Ordan-burdan” bölmələri üzrə sualları cavablandırıblar. 


İntellektual teleoyunun nəticələrinə əsasən, 30 nömrəli tam orta məktəbin komandası qalib gəlib.


“Hazırcavablar” intellektual teleoyunu BŞTİ və AzTV-nin birgə həftəlik telelayihəsidir.İntellektual teleoyunda BŞTİ-nin tabeliyindəki ümum təhsil müəssisələrinin şagirdlərindən ibarət komandalar iştirak edir.


Layihənin əsas məqsədi məktəblilərin intellektual səviyyəsini və dünyagörüşünü artırmaq, onları ictimaiyyətə tanıtmaq, həmçinin şagirdlərin asudə vaxtını səmərəli təşkil etməkdir. Şagirdlərə özünüifadə vərdişləri aşılamaq, onların fənnlərə marağını yüksəltmək, yaradıcı inkişafına təkan vermək və intellektual fəaliyyətə daha geniş miqyasda cəlb olunmasını təmin etmək də layihənin əsas hədəfidir.