Şagirdlərə ətraf mühitin sağlamlığa təsiri barədə məlumat verilib
Bakı, 2 may, AZƏRTAC
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) əhalinin sağlamlığının qorunması istiqamətində maarifləndirmə tədbirlərini davam etdirir.
Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə əməkdaşlıq çərçivəsində təşkil olunan növbəti tədbir paytaxtın 86 nömrəli tam orta məktəbində keçirilib.
İSİM-in mütəxəssisi Nərmin Əliyeva “Ətraf mühitin insan sağlamlığına təsiri” mövzusunda geniş təqdimatla çıxış edərək təsərrüfat fəaliyyəti ilə əlaqədar ətraf mühitə vurulan zərər barədə məruzə edib. O, ətraf mühitin çirklənməsinin sağlamlığa ciddi ziyanı barədə Dünya Səhiyyə Təşkilatının açıqladığı statistik məlumatları iştirakçıların diqqətinə çatdırıb, şagirdləri zərərli vərdişlərdən uzaq olmağa çağıraraq tütün məmulatlarından istifadənin, eləcə də passiv tütünçəkmənin atmosferə və uşaqların hələ tam formalaşmamış orqanizminə göstərdiyi mənfi təsirdən danışıb.
Tədbirdə sağlamlıq üçün təmiz və təhlükəsiz ətraf mühitin əsas amil olduğu qeyd edilib və ətraf mühiti qorumaq üçün lazımi tövsiyələr verilib.
Mövzu ətrafında səmərəli müzakirə şəraitində keçən tədbirin yekununda auditoriyanı maraqlandıran suallar cavablandırılıb, iştirakçılara mövzu ilə əlaqədar maarifləndirici materiallar paylanılıb.
01.05.2018