Bakı məktəblilərinin Ulu Öndərin anadan olmasının 95 illiyinə həsr edilən yaradıcılıq sərgisi açılacaq
Bakı, 2 may, AZƏRTAC
Mayın 7-də ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin 95 illik yubileyinə həsr olunan Bakı şəhər məktəblilərinin yaradıcılıq sərgisi keçiriləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, bu qurumun tabeliyindəki 229 nömrəli tam orta məktəbdə keçirilməsi nəzərdə tutulan tədbirin əsas məqsədi yaradıcılığın müxtəlif sahələrində xüsusi istedada malik uşaqları üzə çıxarmaq, onlarda Vətənə məhəbbət, dostluq, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərini aşılamaq, bədii-estetik zövqü, həmçinin, yaradıcı düşüncəni inkişaf etdirməkdir.
Sərgidə istedadlı şagirdlərin təsviri incəsənət, dekorativ tətbiqi sənət, floristika, fauna, elmi texniki və dizayn sahələrindən ibarət əl işləri nümayiş olunacaq. Sərgidə, eyni zamanda ümummilli lider Heydər Əliyevin həyat və ictimai-siyasi fəaliyyətini özündə əks etdirən əl işlərindən ibarət təqdimatlara geniş yer veriləcək.
01.05.2018