“Hazırcavablar” teleoyununun növbəti qalibi müəyyənləşib
Bakı, 30 aprel, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrinin şagirdlərindən ibarət komandalar arasında növbəti intellektual teleoyun təşkil edilib.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, 226, 234, 257 və 273 nömrəli tam orta məktəblərin komandaları “Hazırcavablar” intellektual teleoyununda yarışıb. Məktəblilər “Dil və ədəbiyyat”, “Biologiya”, “Qədim Misir”, “Quşlar” və “Hansı?” bölmələri üzrə sualları cavablandırıb.
İntellektual teleoyunun nəticələrinə əsasən, 257 nömrəli tam orta məktəbin komandası qalib gəlib.
“Hazırcavablar” intellektual teleoyunu BŞTİ və AzTV-nin birgə həftəlik telelayihəsidir. İntellektual teleoyunda BŞTİ-nin tabeliyindəki ümumtəhsil müəssisələrinin şagirdlərindən ibarət komandalar iştirak edir.
Layihənin əsas məqsədi məktəblilərin intellektual səviyyəsini və dünyagörüşünü artırmaq, onları ictimaiyyətə tanıtmaq, həmçinin, şagirdlərin asudə vaxtını səmərəli təşkil etməkdir. Şagirdlərə özünüifadə vərdişləri aşılamaq, onların fənlərə marağını yüksəltmək, yaradıcı inkişafına təkan vermək və intellektual fəaliyyətə daha geniş miqyasda cəlb olunmasını təmin etmək də layihənin əsas hədəfidir.
29.04.2018