Xəbərlər

Paytaxt məktəblərində akademik Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümü qeyd edilib

Bakı, 28 aprel, AZƏRTAC


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrində görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.


Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirlərdə BŞTİ, rayon icra hakimiyyətləri, müxtəlif idarə və təşkilatların nümayəndələri, təhsil müəssisələrinin pedaqoji kollektivləri və şagirdlər iştirak ediblər.
Anma tədbirlərində akademik Zərifə Əliyevanın əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib, şagirdlərə görkəmli alimin həyat və yaradıcılığı barədə ətraflı məlumat verilib.


Akademik Zərifə Əliyevanın mənalı ömür yolundan, ictimai-elmi fəaliyyətindən, Azərbaycan və dünya oftalmologiya elminə verdiyi böyük töhfələrdən danışılıb. Qeyd edilib ki, böyük alim olmaqla yanaşı, qayğıkeş ana, nümunəvi həyat yoldaşı olan Zərifə Əliyeva ümummilli lider Heydər Əliyevin gərgin siyasi fəaliyyətində ona hər zaman mənəvi dayaq olub.


Tədbirlərdə şagirdlər şeir, atalar sözləri, dahilərin ana barədə müdrik kəlamları səsləndirilib, mahnılar ifa edilib. Akademik Zərifə Əliyevaya həsr edilən sənədli filmlər nümayiş olunub, stendlər və guşələr, bülletenlər hazırlanıb, şagirdlərin əl işlərindən ibarət sərgilər keçirilib.


Həmçinin bəzi paytaxt məktəbləri kollektivlərinin akademik Zərifə Əliyevanın anma günü ilə bağlı Fəxri xiyabana ziyarətləri təşkil edilib.