Məktəblərdə eko-təqdimatlar davam edir
Bakı, 27 aprel, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrində “Eko-təqdimatlar” layihəsi davam edir.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, layihənin əsas məqsədi şagirdlərin milli sərvətlərimiz, dəyərlərimiz və digər aktual ekoloji mövzular üzrə məlumatlandırılmasıdır.
BŞTİ və SOCAR-ın Ekologiya İdarəsinin mütəxəssislərinin birgə əməkdaşlığı ilə təşkil edilən müxtəlif aktual ekoloji mühazirələrə müvafiq istiqamətlər üzrə tədqiqatlar aparan ekoloqlar və ekspertlər dəvət olunublar.
Apreldə Nizami rayonu üzrə 229, Sabunçu rayonu üzrə 107, 112, Suraxanı rayonu üzrə 76, 141, 275, 315, 327, Yasamal rayonu üzrə 150, Xətai rayonu üzrə 59 və Səbail rayonu üzrə 203 nömrəli tam orta məktəblərdə “Sağlam həyat tərzi”, “Alternativ və bərpa olunan enerjinin istifadəsi”, “Azərbaycanın biomüxtəlifliyi”, "Səs-küy çirklənməsi", “Nə edək?“ və “Tullantıların idarəolunması”mövzularında maarifləndirici təqdimatlar keçirilib.
Şagirdlərin marağına səbəb olan təqdimatların keçirilməsi tədris ilinin sonunadək paytaxtın digər ümumtəhsil məktəblərində də davam edəcək.
26.04.2018