
Bakı, 27 aprel, AZƏRTAC
Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin (RUGİM) “Cücələrim” ansamblının milli rəqs və nağaraçalanlar qrupu Türkiyənin İstanbul şəhərində Sancaktəpə Bələdiyyəsi və Bilgi Evlərinin birgə təşkilatçılığı ilə keçirilən, 23 Nisan uşaq bayramına həsr olunmuş V Beynəlxalq uşaq festivalında iştirak edib.
RUGİM-dən AZƏRTAC-a bildiriblər ki, bu qurumun direktoru Firuzə Sultanzadənin rəhbərliyi ilə mərkəzin idarə heyəti İstanbul mədəniyyət mərkəzləri, Sancaktepe Bilgi Evləri şəbəkəsi ilə görüşlər keçirib, məktəbdənkənar təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Daha sonra İstanbulun Sancaktəpə Bələdiyyəsinin başçısı İsmayıl Erdemin qonaqlarla rəsmi görüşü keçirilib.
Mədəni proqram çərçivəsində ansamblın üzvləri İstanbulun tarixi yerləri ilə tanış olublar.
Taha Akgül İdman Kompleksində keçirilən festivala Türkiyə, Azərbaycan, Bosniya və Herseqovina, Makedonya və digər ölkələrin uşaq kollektivləri daxil olmaqla on min uşaq qatılıb.
Dörd gün davam edən festivalın proqramı çərçivəsində “Cücələrim” ansamblının nağaraçalanlar qrupu rəngarəng musiqi nömrələri və milli rəqs qrupu “Qaytağı” suitası ilə çıxış edərək qədim və zəngin tarixə malik Azərbaycan rəqslərini təqdim və təbliğ edib.
Festivalın sonunda Azərbaycanı təmsil edən bütün iştirakçılara İstanbul Sancaktəpə Bələdiyyəsi tərəfindən diplom, xüsusi mükafat və hədiyyələr təqdim olunub.
26.04.2018