Xəbərlər

“Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində məktəblərdə silsilə tədbirlər təşkil olunur

Bakı, 26 aprel, AZƏRTAC  


Paytaxt məktəblərində “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində silsilə tədbirlər keçirilir. 


Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, bu qurumun tabeliyindəki ümumtəhsil müəssisələrində “Ümumi təhsildə keyfiyyət ili” ilə əlaqədar konfrans, seminar, mühazirə, “dəyirmi masa”, “açıq dərs”, müsabiqə və yarışlar təşkil edilir. Həmçinin məktəbdaxili monitorinqlər, dərs dinləmələri, təlimlər, əlavə məşğələlər, valideynlər üçün “açıq qapı” günləri  və digər tədbirlər keçirilir.  


2017-2018-ci tədris ilinin “Ümumi təhsildə keyfiyyət ili” elan edilməsinin əsas məqsədi ümumi təhsil sahəsində müasir dövrün tələblərinə uyğun şəkildə inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq, bu prosesdə ümumtəhsil müəssisələrini, məktəb pedaqoji kollektivlərini səfərbər etmək və təhsildə keyfiyyəti təmin etməkdir. 


Təhsil müəssisələrində təşkil olunan tədbirlərdə “Ümumi təhsildə keyfiyyət ili”nin məqsəd və mahiyyəti, bu istiqamətdə qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verilir. Eyni zamanda təhsildə keyfiyyətin daha da artırılması sahəsində görülən işlərdən bəhs olunur, məktəbdaxili monitorinqlərin nəticələri təhlil edilir, müəllim və valideynlərin təklifləri dinlənilir, müvafiq müzakirələr aparılır. 


Təhsil müəssisələrində “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində təşkil olunan müsabiqə və yarışlarda, eləcə də tədrisdə fərqlənən şagirdlər mükafatlandırılır. Həmçinin, “Ümumi təhsildə keyfiyyət ili” ilə əlaqədar məktəblilər üçün tarixi məkanlara, ali təhsil ocaqlarına, istehsal müəssisələrinə və digər yerlərə ekskursiyalar təşkil olunur. 


Qeyd edək ki, BŞTİ-nin fəaliyyət planına əsasən, “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində məktəb rəhbərlərinin hesabatları əsasında müvafiq təkliflərin hazırlanması nəzərdə tutulur.