Bakı məktəbliləri beynəlxalq rəqs çempionatında uğur qazanıblar
Bakı, 10 aprel, AZƏRTAC
Paytaxt məktəbliləri milli rəqslər üzrə Avropa çempionatında iştirak ediblər.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, bu qurumun tabeliyindəki ümumtəhsil müəssisələrinin şagirdləri Moskvada 53 ölkədən beş mindən çox rəqqasın iştirak etdiyi yarışın nəticələrinə görə ilk beşlikdə qərarlaşıblar.
Çempionatda 145 nömrəli tam orta məktəbin şagirdi Emilya Məmmədova və 236 nömrəli tam orta məktəbin şagirdi Zəhra Quliyeva qrup tərkibində etdikləri rəqsə görə II yerə layiq görülüblər. Həmçinin, Zəhra Quliyeva fərdi proqramda da uğurla çıxış edib.
Yarışda duet rəqslər üzrə 283 nömrəli tam orta məktəbin şagirdi Ayla Güləlizadə II, 160 nömrəli Klassik Gimnaziyanın şagirdi Nərgiz Məmmədova III yerə sahib olub. Klassik Gimnaziyanın digər şagirdi Nuray Hüseynli isə fərdi çıxışına görə II yerə layiq görülüb.
Çempionatda, həmçinin Klassik Gimnaziyanın şagirdləri Nərgiz Məmmədova ilə Nuray Hüseynli, eləcə də 1 nömrəli tam orta məktəbin şagirdi Fidan Əzizova, 157 nömrəli tam orta məktəbin şagirdi Aysu Nəsirli, 164 nömrəli tam orta məktəbin şagirdi Aylin Əliyeva, 189-190 nömrəli tam orta məktəbin şagirdi Xədicə İsrafilova, 20 nömrəli məktəb-liseyin şagirdləri Selin Hüseynli ilə Aylin Hüseynli qrup rəqsləri üzrə V yeri tutublar.
Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıb.
09.04.2018