Xəbərlər

Məktəblilər arasında "Lütfi Zadə adına III Məntiq Olimpiadası" keçiriləcək

Paytaxt məktəbliləri arasında "Lütfi Zadə adına Məktəblilərarası III Məntiq Olimpiadası" keçiriləcək.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, bu qurumun və "İSTƏK" liseyinin birgə təşkilatçılığı ilə keçiriləcək olimpiadada ümumtəhsil məktəblərinin hər iki (Azərbaycan və rus) bölməsinin V-VI sinif şagirdləri iştirak edə bilərlər. İştirakçılar 11-12 yaş qrupunu əhatə edəcək.

 

Olimpiadanın əsas məqsədi şagirdlərin məntiqi biliklərinin artmasına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü yaxşı inkişaf etmiş şagirdləri aşkara çıxartmaq, onların həvəsləndirilməsi və elmə olan marağının artırılmasıdır.

 

Olimpiada zamanı şagirdlərə xas olan bədii, mücərrəd və verbal məntiqi təfəkkür növlərinin qiymətləndirilməsi nəzərdə tutulur.

 

İki mərhələdən ibarət olan olimpiadanın məktəbdaxili mərhələsi aprelin 14-də keçiriləcək. İmtahan bütün məktəblərdə 1 saat yarım (10:00-11:30) davam edəcək.

 

Mayın 26-da olimpiadanın final mərhələsi təşkil olunacaq. Bu mərhələdə ilk turu uğurla keçən şagirdlər iştirak edəcək. İlk turda olduğu kimi, final mərhələsində də 25 test sualının cavablandırılması üçün 1 saat yarım vaxt (90 dəq) ayrılacaqdır.

 

Final mərhələsinin nəticələrinə əsasən, Bakı şəhəri üzrə ən yüksək məntiqi təfəkkür nümayiş etdirən məktəblilər mükafatlandırılacaq.