Xəbərlər

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində şagirdlərin ikinci mübadilə proqramının açılış mərasimi olub

Bakı, 17 mart, AZƏRTAC 


Martın 17-də “Muğam Klub”da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) çərçivəsində orta məktəb şagirdlərinin ikinci mübadilə proqramının açılış mərasimi keçirilib.


AZƏRTAC xəbər verir ki, mərasimdə təhsil nazirinin müavini Firudin Qurbanov mübadilə proqramı iştirakçılarının türk dünyasının ortaq dəyərlərindən olan Novruz bayramı zamanı Azərbaycana səfərinin və bayram adət-ənənələri ilə tanışlığının böyük önəm daşıdığını vurğulayıb. 


Nazir müavini proqrama əsasən iştirakçılara zəngin multikultural dəyərlərə, mədəniyyətə və tarixə malik olan Azərbaycan haqqında  məlumat veriləcəyini, ölkəmizin müvafiq sahələri üzrə aparıcı mütəxəssislər tərəfindən təlim və mühazirələr keçiriləcəyini deyib.


Türk Şurasının digər beynəlxalq təşkilatlarla müqayisədə gənc bir təşkilat olduğu, lakin qısa vaxtda fəaliyyətini genişləndirdiyi barədə məlumat verən nazir müavini bunun əsas səbəbini üzv dövlətlərin ortaq tarix və mədəniyyətə malik olması ilə əlaqələndirib.


Bildirilib ki, martın 17-dən 24-dək Azərbaycanın ev sahibliyi edəcəyi “TDƏŞ orta məktəb şagirdlərinin ikinci mübadilə proqramına” Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstandan olan 38 şagird və 6 təlimçi qatılıb. Mübadilə proqramının iştirakçıları Azərbaycanın incəsənəti, tarixi, milli adət-ənənələri ilə tanış olmaq, Novruz bayramını birlikdə qeyd etmək, həmyaşıdları ilə ünsiyyət qurmaq və asudə vaxtlarını səmərəli keçirmək imkanı qazanacaqlar.


Mübadilə proqramının əsas məqsədi TDƏŞ-ə üzv ölkələrin gənclərinə ortaq türk dəyərlərinin aşılanması, eyni zamanda, mədəniyyətlərarası əməkdaşlığın inkişaf etdirilməsidir.