Şərurda qızlar arasında keçirilən atıcılıq üzrə rayon birinciliyinin qaliblər müəyyənləşib
Şərur, 9 mart, AZƏRTAC
Şərur Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi, Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi və Atıcılıq Federasiyasının təşkilatçılığı ilə məktəbli qızlar arasında keçirilən atıcılıq üzrə rayon birinciliyinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, 8 məktəbdən 28 şagirdin iştirak etdiyi yarışın yekun nəticələrinə əsasən Şərur rayon Arbatan kənd tam orta məktəbinin şagirdi Nurcan Məmmədova I, eyni məktəbin digər şagirdi Göyərçin Seyidova II, Şərur rayon Düdəngə kənd tam orta məktəbinin şagirdi Gülnur Məmmədzadə isə III yerə layiq görülüblər.
Eyni zamanda, rayonda şahmat üzrə yeniyetmə qızlar və qadınlar arasında keçirilən rayon birinciliyi də başa çatıb. Birincilikdə 40 yeniyetmə qız və 10 qadın zəka sahibi mübarizə aparıb. Yarışın yekun nəticələrinə əsasən yeniyetmə qızlar arasında Sevgi Qurbanova, qadınlar arasında isə Məhəbbət Babayeva qalib adını qazanıblar.
Sonda hər iki yarışın qaliblərinə təşkilatçılar tərəfindən diplom və hədiyyələr təqdim olunub.
09.03.2018