Beynəlxalq rəsm müsabiqəsinə qatılan abşeronlu şagirdlər mükafata layiq görülüblər
Xırdalan, 23 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron rayon Saray qəsəbə Uşaq İncəsənət Məktəbinin təsviri incəsənət şöbəsinin şagirdləri “Misir dünya uşaqlarının gözü ilə” adlı beynəlxalq rəsm müsabiqəsinə qatılıblar.
Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsindən AZƏRTAC-a bildirilib ki, Misir Ərəb Respublikasında ənənəvi olaraq hər il "Misir dünya uşaqlarının gözü ilə" adlı beynəlxalq rəsm müsabiqəsi keçirilir. Sonuncu müsabiqəyə dünyanın 140 ölkəsindən minlərlə rəsm göndərilib. Ölkəmizi bu müsabiqədə Abşeron, Quba, Şamaxı, Lənkəran və İsmayıllı rayonlarının uşaq incəsənət məktəblərinin şagirdləri təmsil ediblər. Azərbaycanı təmsil edən şagirdlərin 19 nəfəri müxtəlif nominasiyalarda 3 qızıl və 4 gümüş medala, 12-si isə sertifikata layiq görülüb.
Abşeron rayon Saray qəsəbə Uşaq İncəsənət Məktəbinin şagirdləri Mələk Hüseynova və Arif Qurbanov qızıl medal, Rəşid Şaxiyev və Gülinə Bəhrəmova gümüş medal, Rəşad Yaqubov, Tutu Nəzərova, Fatimə Əliyeva və Nihad Camalzadə isə sertifikat əldə ediblər.
Təltif edilmə mərasimi Misir səfirliyinin mədəniyyət mərkəzində keçirilib.
23.02.2018