Xəbərlər

“Kim? Nə? Hara?” intellektual oyununun qalibləri müəyyənləşib

Naxçıvan, 18 yanvar, AZƏRTAC

 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin akt zalında muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında “Kim? Nə? Hara?” intellektual oyunu təşkil olunub.

 

AZƏRTAC xəbər verir ki, intellektual oyun muxtar respublikanın Gənclər və İdman Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.

 

Əvvəlcə Gənclər və İdman Nazirliyinin şöbə müdiri Tahir Məmmədli çıxış edərək bildirib ki, intellektual oyunun layihəsi Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən hazırlanıb və muxtar respublikada ilk dəfə olaraq keçirilir. Şöbə müdiri oyunun məqsədinin gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, eləcə də asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarət olduğunu deyib, iştirakçılara uğurlar arzulayıb.

 

Oyun 4 yarımfinal və final mərhələsindən ibarət olub, hər mərhələdə 8 oyunçu iştirak edib. Oyunda “Kim? Nə? Hara?” suallarını əhatə edən suallar verilib və ən az xal toplayan iştirakçılar oyunu tərk ediblər.

 

Final mərhələsində isə hər yarımfinal mərhələsi üzrə I və II yerləri tutan oyunçular iştirak edib və sonda Naxçıvan Dövlət Universitetinin (NDU) tələbəsi Tural Məmmədzadə I, “Naxçıvan” Universitetinin tələbəsi Gülsüm Qasımova II, NDU-nun tələbəsi Kərim Nəcəfov III yerin qalibi olublar.

 

Qaliblərə təşkilatçılar tərəfindən diplom, fəxri fərmanlar və oxunması zəruri olan kitablar təqdim edilib.