Məktəblilərin bayram tətili günləri maraqlı və əyləncəli təşkil edilib
Bakı, 5 yanvar, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil məktəblərinin şagirdlərinin bayram tətili günlərini səmərəli, maraqlı və əyləncəli keçirmələri üçün bir sıra tədbirlər təşkil edilib.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, bayram tətili günlərində məktəblərin və valideynlərin təşəbbüsü ilə tarixi məkanlara, mədəniyyət mərkəzlərinə ekskursiyalar təşkil olunub. Həmçinin şagirdlər idman və yaradıcılıq dərnəklərinin imkanlarından faydalanıblar.
Bayram tətili günlərində tədbirlərin təşkilinin məqsədi şagirdlərin asudə vaxtlarının səmərəli keçməsinə şərait yaratmaq, onların dünyagörüşlərini, bilik və bacarıqlarını inkişaf etdirməkdir.
BŞTİ-nin tabeliyindəki uşaq-gənclər inkişaf mərkəzləri və idman məktəbləri də bayram tətili günlərində fəaliyyətlərini davam etdirib. Bu müəssisələrdə məktəblilərin maraq, meyil və bacarıqlarının, intellektual səviyyə və yaradıcılıq qabiliyyətlərinin inkişafı üçün əlverişli şərait yaradılıb.
Qeyd edək ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə beşgünlük tədris həftəsi ilə işləyən məktəblərin şagirdləri dekabrın 30-dan yanvarın 4-dək, altıgünlük tədris həftəsi ilə işləyən məktəblərin şagirdləri isə dekabrın 31-dən yanvarın 4-dək tətildə olublar.
05.01.2018