Xəbərlər

Bakı Dənizkənarı Bulvarda uşaqlar üçün “Qış nağılı” əyləncəli festival keçiriləcək

Bakı, 29 dekabr, AZƏRTAC

 

 

Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı ilə əlaqədar olaraq dekabrın 30-dan 2018-ci il yanvarın 3-dək Bakı Dənizkənarı Park – Bulvar İdarəsi və Azərbaycan Gənclər İttifaqı Bakı sakinləri və paytaxtımızın qonaqları olan uşaqlar üçün “Qış nağılı” əyləncəli festival təşkil edəcək. 


“Qış nağılı” əyləncəli festival çərçivəsində dekabrın 30-dan 2018-ci il yanvarın 3-dək hər gün Bakı Dənizkənarı Milli Parkda uşaqlar üçün müxtəlif uşaq kollektivləri, rəqs ansamblları, teatr tamaşaları nümayiş olunacaq, əyləncəli viktorinalar keçiriləcək. Əyləncəli proqram çərçivəsində Uşaq və Karlson, Maşa və Ayı öz sərgüzəştləri, Şaxta Baba və Qar qız uşaqlara xoş əhval-ruhiyyə bəxş edəcək, müxtəlif oyunlar təşkil olunacaq. 


Qeyd edək ki, şənliklər Azərbaycan Dövlət Kukla Teatrının arxasında yerləşən meydançada təşkil olunacaq. Giriş hər kəs üçün sərbəstdir.