Gənc kimyaçıların yaradıcılıq müsabiqəsinin final mərhələsi keçirilib
Bakı, 21 dekabr, AZƏRTAC
Bakı Ali Neft Məktəbinin (BANM) yeni kampusunda paytaxtdakı ümumtəhsil müəssisələrinin və inkişaf mərkəzlərinin şagirdləri arasında gənc kimyaçıların yaradıcılıq müsabiqəsinin final mərhələsi keçirilib.
BANM-dən AZƏRTAC-a bildiriblər ki, müsabiqənin final mərhələsinə vəsiqə qazanan komandalar iki saat ərzində 30 sualdan ibarət test tapşırığı və iki məsələ həll ediblər. Doğru cavablandırılan hər test tapşırığının bir balla, məsələ və təcrübə işinin isə beş balla qiymətləndirilməsi nəzərdə tutulub. Final mərhələsinin nəticələri tezliklə müəyyənləşdiriləcək.
BANM-in rektoru Elmar Qasımov məktəblilərin bilik və bacarıqlarının inkişafında bu cür müsabiqələrin əhəmiyyətini qeyd edib, iştirakçılara uğurlar arzulayıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva BANM-in rəhbərliyinə göstərdiyi təşkilati dəstəyə görə təşəkkür edib.
Sonra məktəblilər BANM-in yeni kampusu ilə tanış olub, elmi-tədqiqat laboratoriyalarında təcrübə işləri aparıblar.
21.12.2017