Xəbərlər

Samux məktəbliləri Cocuq Mərcanlıda

Samux şəhər 3 nömrəli tam orta məktəbin şagirdləri Lələtəpə yüksəkliyinin düşməndən azad edilməsindən sonra Prezident İlham Əliyevin Sərəncamına əsasən bərpa olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər ediblər.


AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məktəblilərin xüsusi təşəbbüsü, rayon təhsil şöbəsinin təşkilatçılığı və rayon icra hakimiyyətinin dəstəyi ilə həyata keçirilən səfərin məqsədi şagirdlərdə vətənpərvərlik hissinin yüksəldilməsi, Azərbaycan Ordusunun qələbəsindən sonra yaradılmış şəraitlə əyanı şəkildə tanışlıq olub.


Səfərdə məktəblilərlə yanaşı, rayon icra hakimiyyətinin və təhsil şöbəsinin əməkdaşları, eləcə də 3 nömrəli tam orta məktəbin müəllimləri iştirak ediblər.


İlk olaraq Cəbrayıl-Horadiz yolunun kənarında yerləşən Aprel döyüşü şəhidlərinin abidəsi önünə gül dəstələri qoyulub.


Cocuq Mərcanlı kəndinə səfər edən məktəbliləri Cəbrayıl rayon ictimaiyyətinin nümayəndələri qarşılayıb. Məktəblilər kənddə yeni inşa edilmiş məktəbə baş çəkib, 
şagirdlər üçün yaradılmış şəraitlə tanış olublar.


Şagirdlərə Cocuq Mərcanlı kənd tam orta məktəbin qrant müsabiqəsində qalib olmuş “Öyrənək öyrədək” adlı layihəsi haqqında məlumat verilib. Səfərdə iştirak edən məktəblilər Cocuq Mərcanlı kənd tam orta məktəbin şagirdlərinə Yeni il sovqatı və bir sıra kitablar hədiyyə ediblər.


Daha sonra kənddə inşa edilmiş yaşayış evləri, məscid, uşaq bağçası və digər məkanlarla tanışlıq olub.