Xəbərlər

İnternat məktəbində bayram şənliyi

Bakı, 20 dekabr, AZƏRTAC 

 


Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbində Təhsil Nazirliyinin təşkilatçılığı ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram şənliyi keçirilib.


AZƏRTAC xəbər verir ki, Təhsil Nazirliyi əməkdaşlarının və KİV təmsilçilərinin iştirak etdiyi şənlikdə internat məktəbi şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya, milli və xarici rəqslər, səhnəciklər nümayiş olunub.


Uşaqlar Şaxta baba və Qar qızla birgə rəqs edib, mahnılar səsləndiriblər.


Məktəbin direktoru Dilarə Məşədiyeva jurnalistlərə müsahibəsində bildirib ki, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbi 1937-ci ildən 6 nömrəli uşaq evi, 1985-1986-cı tədris ilindən isə internat məktəbi olaraq fəaliyyət göstərib. İnternat məktəbində aparılan əsaslı təmir və yenidənqurma işləri 2016-cı ildə başa çatdırılıb. Məktəbdə 11 sinif otağı, 5 fənn kabineti, 2 laboratoriya və 1 informatika otağı vardır. İnternat məktəbində rəsm dərnəyi və şagirdlərdən ibarət nəfəsli orkestr fəaliyyət göstərir.


Hazırda internat məktəbində valideyn himayəsindən məhrum olmuş 210 uşaq yaşayır. Onların təlim-tərbiyəsi ilə 36 pedaqoq məşğul olur.


Sonra internat məktəbinin şagirdlərinə Təhsil Nazirliyi tərəfindən bayram hədiyyələri təqdim olunub.