Xəbərlər

“Dostluğun sehri” müsabiqəsinin qalibləri mükafatlandırılıblar

Bakı, 20 dekabr, AZƏRTAC
 
 
 
Dekabrın 19-da Təhsil Nazirliyinin tabeliyində olan 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Nəsimi filialında “Dostluğun sehri” adlı ikinci beynəlxalq uşaq rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıblar.   
AZƏRTAC xəbər verir ki, bu münasibətlə təşkil olunan tədbirdə müvafiq qurumların təmsilçiləri, ayrı-ayrı ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri iştirak ediblər. 
 
Mərkəzin direktoru Lalə Qəti müsabiqə barədə ətraflı məlumat verib. Bildirilib ki, Təhsil Nazirliyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən müsabiqənin tərəfdaşları Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasıdır.
 
“Ölkəmin adət və ənənələri” mövzusunda keçirilən müsabiqə dünya xalqlarının tarixi keçmişini, milli adət-ənənələrini yaxından tanımaq, çəkdikləri rəsm əsərlərində uşaqların bu mövzu ilə əlaqədar fikir və düşüncələrini öyrənmək, uşaqlar arasında dostluq münasibətlərini inkişaf etdirmək və gənc istedadları aşkara çıxarmaq məqsədilə təşkil olunub. 
 
Müsabiqəyə dünyanın 30 ölkəsindən 304 məktəb, müəssisə və təşkilatdan uşaqlar qatılıb. Müsabiqəyə 2 min 539 rəsm işi təqdim edilib. 6-15 yaşlı uşaqlar çəkdikləri rəsmlərdə mənsub olduqları ölkələrin milli adət-ənənələrini, milli bayram, geyim, oyun, musiqi alətləri və mətbəxini əks etdiriblər. Münsiflər heyəti tərəfindən 492 rəsm işi seçilib. Bunlardan 232 iş üç yaş kateqoriyası üzrə qaliblər sırasına daxil edilib. 54 iş birinci, 42 iş ikinci, 41 iş üçüncü, 95 iş həvəsləndirici yerlərə layiq görülüb. 
 
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, Təhsil Nazirliyinin şöbə müdiri Vasif Məmmədov və digər çıxış edənlər məktəblilərin istedad və bacarıqlarının aşkara çıxarılmasında müsabiqənin əhəmiyyətini vurğulayıblar. 
 
Tədbirdə qaliblər medal və diplomla mükafatlandırılıblar.     
 
Bir iştirakçı – Banqladeşdən olan 9 yaşlı Mohaimimin Sultana Miva isə müsabiqənin ən yüksək mükafatına – “Qran-Pri” mükafatına layiq görülüb. Eyni zamanda, müsabiqəyə ən çox rəsm işi göndərən Banqladeş dövləti və ən çox işi ilə fərqlənən xarici ölkələrin 28 rəsm studiyası da xüsusi diplomla təltif olunub.
 
Sonra tədbir iştirakçıları rəsm işlərindən ibarət sərgi ilə tanış olublar.