İnşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiqlənmiş “Oxunması zəruri olan kitablar”ın gənc nəslə dərindən aşılanması məqsədilə keçirilən inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə muxtar respublikanın təhsil naziri Məmməd Qəribov çıxış edərək, oxunması zəruri olan kitabların gənc nəslin mütaliə mədəniyyətinin formalaşdırılmasına böyük töhfə olduğunu bildirib. Təsdiq olunmuş siyahıda gənc nəslin dövlətçilik və vətənpərvərlik tərbiyəsinə, habelə şəxsiyyət kimi formalaşmasına daha çox təsir edə biləcək kitablara üstünlük verilməsi müstəqil dövlətçilik idealları üstündə köklənmiş kamil Azərbaycan vətəndaşlarının daha yetkin səviyyədə formalaşdırılmasına kömək etmək məqsədi daşıyır.
Nazir qeyd edib ki, müsabiqədə muxtar respublikada fəaliyyət göstərən ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri, Heydər Əliyev adına Hərbi Liseyin kursantları və Naxçıvan Dövlət Texniki Kollecinin I-III kurs tələbələri iştirak ediblər. Naxçıvan şəhəri üzrə 11 nömrəli və rayon mərkəzlərindəki tam orta məktəblərdə keçirilən müsabiqədə, ümumilikdə, 33 nəfər iştirak edib.
Müsabiqənin yekun nəticəsinə görə, Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin şagirdi Nərmin Əliyeva birinci, Heydər Əliyev adına Hərbi Liseyin kursantı Qabil Haqverdiyev və Sədərək kənd 1 nömrəli tam orta məktəbin şagirdi Anarə Həsənova ikinci, Heydər Əliyev adına tam orta məktəbin şagirdi Aysun Abazərli, Culfa rayon Saltaq kənd tam orta məktəbinin şagirdi Şəbnəm İmanova və Şahbuz rayon Qışlaq kənd tam orta məktəbinin şagirdi Nuranə Səfərli isə üçüncü yerin qalibi olublar.
Sonda qaliblərə diplom və hədiyyələr təqdim edilib.
19.12.2017