Tərəkəmələrin yurd görüşü
Ağsu, 19 dekabr, AZƏRTAC
Ağsu rayonunun Gəgəli kəndində Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsində qalib olan "Quzuçuyam, quzu məndə: məktəb nəzdində Tərəkəmə folkloru araşdırma və təbliğat qrupunun yaradılması" layihəsi çərçivəsində dekabrın 16-17-də tərəkəmələrin yurd görüşü keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yurd görüşündə Bakı, Ağsu, İsmayıllı və Salyan rayonlarının 13 məktəbindən müəllim, şagird və valideynlər iştirak ediblər.
Əvvəlcə Tərəkəmə folkloru sərgisinə baxış keçirilib. Layihənin rəhbəri, Ağsu rayonu Gəgəli kənd Həqiqət Musayev adına ümumi orta məktəbin direktoru Sabit Abdullayev qeyd edib ki, beş nominasiya üzrə - məqalə və esselərin yazılması, rəsm, videoçarxların, fotoların çəkilməsi və əl işi üzrə ümumrespublika müsabiqəsində Bakı şəhərindən, Ağsu, İsmayıllı və Salyan rayonlarından, ümumilikdə, 13 məktəbin şagirdləri 110 iş təqdim ediblər.
17 şagird – 4 nəfər esse yazı, 4 nəfər rəsm, 2 nəfər foto, 4 nəfər əl işi, 3 nəfər isə videoçəkilişlər üzrə nominasiyada layihənin diplomunu alıb, 28 şagird isə sertifikata layiq görülüb.
Həmin şagirdlərin işləri məktəbin foyesində nümayiş olunub. Diploma layiq görülən bütün işlər layihə çərçivəsində çap olunan "Ağsu rayonunun Gəgəli kəndində Tərəkəmə folkloru" kitabına da daxil edilib.
Sonra "Ağsu rayonunun Gəgəli kəndində Tərəkəmə folkloru” kitabının təqdimat mərasimi keçirilib.
Layihənin eksperti Fariz Xəlilli bildirib ki, layihə boyunca 50 nəfərlə - tərəkəmə həyatı yaşayanlar, ziyalılar və yaşlı kənd sakinləri ilə görüş keçirilib, sorğu anketindəki suallara cavab alınıb. Aparılan araşdırma və sorğular nəticəsində yalnız Gəgəli kəndinə aid olan, yazılı ədəbiyyatda və mətbuatda çap olunmayan 73 folklor nümunəsi – 24 bayatı, 3 tapmaca, 1 yanıltmac, 28 deyim və sınama, 4 tərəkəmə oyun növü, tərəkəmə mətbəxindən 8, müdafiə fəndlərindən 3, təbabətindən 3 nümunə üzə çıxarılıb.
Sonra Gəgəli kənd ümumi orta məktəbinin şagirdləri xüsusi ssenari əsasında hazırlanan tamaşalar nümayiş etdirib, vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər. Xanəndələr Ruslan Adgözəlov və Ağadadaş Talışov, Aşıq Amil yurd görüşünün bədii hissəsində rəngarəng musiqi nömrələri ifa ediblər.
Yurd görüşünün sonunda məktəblilərə diplom və sertifikatlar təqdim olunub, onlara kitab paylanılıb.
19.12.2017