Məktəblilər elmi tədqiqatlara cəlb olunurlar
Bakı, 16 dekabr, AZƏRTAC
Bakı Ali Neft Məktəbində (BANM) Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında gənc kimyaçıların yaradıcılıq müsabiqəsinin final mərhələsi keçirilib.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə şagirdlər BANM-in elmi-tədqiqat laboratoriyalarındakı müasir avadanlıq və cihazlarla tanış olublar. Məktəblilərə BANM-in fəaliyyəti və burada tədris olunan ixtisaslar barədə ətraflı məlumat verilib.
BANM-in rektoru Elmar Qasımov final mərhələsinə vəsiqə qazanan məktəbliləri təbrik edib. Rektor bu cür müsabiqələrin keçirilməsinin şagirdlərin bilik və bacarıqlarının inkişafında, onların texniki fənlərə marağının daha da artırılmasında və təlimə motivasiyasının yüksəldilməsində mühüm rol oynadığını bildirib.
BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva BANM-in rəhbərliyinə və kollektivinə müsabiqənin final mərhələsinin təşkilində yaradılan şəraitə görə təşəkkürünü bildirib. M.Vəliyeva müsabiqənin məktəblilərin kimya fənninə olan marağının daha da artırılması, onların bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi və istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə təşkil edildiyini söyləyib.
Müsabiqənin final mərhələsinə vəsiqə qazanan hər komanda iki akademik saat ərzində ümumtəhsil və uşaq-gənclər inkişaf mərkəzlərinin proqramlarına uyğun olaraq 30 sualdan ibarət test tapşırığını və iki məsələni yerinə yetirib.
Həmçinin məktəblilər BANM-in elmi-tədqiqat laboratoriyalarında təcrübə işi aparıb, nəzəri biliklərin praktikada sınayıblar. Doğru cavablandırılan hər bir test tapşırığı bir, məsələ və təcrübə işi beş balla qiymətləndiriləcək. Final mərhələsinin nəticəsinə əsasən, qaliblər müəyyənləşdiriləcək.
16.12.2017