Xəbərlər

“Fövqəladə hallar uşaqların gözü ilə” VII Respublika uşaq yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakı, 15 dekabr, AZƏRTAC

 

Dekabrın 14-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında FHN-in təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə “Fövqəladə hallar uşaqların gözü ilə” mövzusunda məktəblilər arasında keçirilmiş VII Respublika uşaq yaradıcılıq müsabiqəsi qaliblərinin sərgisi və onların mükafatlandırılması mərasimi olub.

 

Sentyabr-dekabr ayları ərzində keçirilmiş müsabiqənin məqsədi uşaqlara təhlükəsiz həyat fəaliyyətinin əsaslarının öyrədilməsi və mədəniyyətinin formalaşdırılması, istedadlı uşaqların üzə çıxarılması və onlara dəstək verilməsi, yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, ictimaiyyətin diqqətinin fövqəladə hallarla bağlı problemlərə yönəldilməsi olub.

 

Ölkənin bütün şəhər və rayonlarının ümumtəhsil məktəblərinin iştirak etdikləri respublika uşaq yaradıcılıq müsabiqəsi rəsm, plakat, əl işi, yanğın və qəza-xilasetmə texnikasının modeli, yumşaq oyuncaq nominasiyalarında məktəb, rayon və ümumrespublika birinciliyi mərhələləri üzrə keçirilib.

 

Rayon və şəhər müsabiqələrinin yekunları üzrə təşkilat komitəsinə 490 rəsm, 241 plakat, 202 əl işi, 205 yanğın və qəza-xilasetmə texnikasının modeli və 111 yumşaq oyuncaq təqdim olunub.

 

Müsabiqəyə təqdim olunmuş işlər təşkilat komitəsi tərəfindən qiymətləndirilib və qaliblər müəyyənləşdirilib. Birinci yerə 32 nəfər, ikinci yerə 39, üçüncü yerə 37 nəfər layiq görülüb, 30 nəfərə isə həvəsləndirici diplomlar təqdim edilib.

 

Müsabiqədə ilk üç yeri tutmuş uşaqlara fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub. Həmçinin bütün iştirakçılara həvəsləndirici mükafatlar verilib.