
Bakı, 9 dekabr, AZƏRTAC
İsveçli məşhur uşaq ədəbiyyatı yazıçısı Asa Lindin “Dinozavr yumurtası” kitabı Avropa və Çin də daxil olmaqla bir çox ölkələrdə böyük maraqla qarşılanıb.
AZƏRTAC Türkiyə mətbuatına istinadla xəbər verir ki, dörd yaşlı türk vətəndaşı Önal Erendizin yazıçıya açdığı kiçik “sirr”dən bəhs edən kitab qısa müddət ərzində xeyli sayda oxucu sevgisi qazanıb.
Yazıçı həmin günləri belə xatırlayır: “Təxminən 6 il əvvəl bir tədbirdə Önal Erendiz adlı balaca uşaq mənə yaxınlaşaraq “Sizə danışacaq bir sirrim var" deyib qulağıma öz hekayəsini danışdı. Mən də onu qələmə aldım. Bir yazıçı üçün ən qiymətli hədiyyə, heç şübhəsiz, bir uşaqdan aldığı hekayədir”.
Hekayə balaca Önalın yeni dünyaya gələcək qardaşı ilə bağlı xəyallarından bəhs edir.
09.12.2017