Qax Günərzi Qayğı Mərkəzi uşaqların hərtərəfli inkişafına yardım göstərir
Qax, 1 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Beynəlxalq Əlillər Günü münasibətilə dekabrın 1-də Qax şəhərində fəaliyyət göstərən Günərzi Qayğı Mərkəzində uşaqlar üçün tədbir təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir mərkəzdə tərbiyə alan uşaqların ifasında dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Qax Günərzi Qayğı Mərkəzinin meneceri Səfiyə Süleymanova təlim-tərbiyə müəssisəsinin fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, “Günərzi Qayğı Mərkəzi” layihəsi Prezident İlham Əliyevin “Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında” 2013-cü il 9 yanvar tarixli Sərəncamına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən mühüm layihələrdən biridir.
Layihə çərçivəsində hazırda respublikamızın müxtəlif bölgələrində, o cümlədən Qaxda belə mərkəzlər fəaliyyət göstərir. Diqqətə çatdırılıb ki, bu mərkəzlərdə risk qrupuna daxil olan, valideynləri işləyən, aztəminatlı ailələrin məktəbəqədər və məktəbyaşlı uşaqlarının ahəngdar inkişafını və tərbiyəsini təmin etmək üçün müxtəlif təlimlər həyata keçirilir.
Bildirilib ki, Günərzi Qayğı mərkəzlərinin yaradılmasında əsas məqsəd uşaqların inkişafına, onların asudə vaxtlarının səmərəli keçirilməsinə, yerli icma səviyyəsində sosial uyğunlaşma və inteqrasiya hüquqlarının təmin edilməsinə, yaşayış səviyyəsi aşağı olan ailələrə və uşaqlara dəstək verməkdir. Belə mərkəzlərdə uşaqların qavrayış, emosional və fiziki inkişafına, əlilliyi olan uşaqların təhsil hüquqlarının reallaşmasına, uşaqlarda özünəxidmət və ünsiyyət üzrə praktiki məişət vərdişlərinin inkişafına yardım göstərilir.
Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Vəfa Heydərova çıxış edərək, ölkəmizdə əhalinin aztəminatlı təbəqəsinə, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlara və əlilliyi olan insanlara göstərilən yüksək dövlət qayğısından bəhs edib, uşaqlara təhsildə müvəffəqiyyətlər arzulayıb.
Uşaqların hazırladığı konsert proqramı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb, onlara həvəsləndirici mükafatlar təqdim olunub.
02.12.2017