Xəbərlər

“Neftçi” komandası “Sabahın ulduzları” turnirinin qalibi olub

2009-cu il təvəllüdlü futbolçular arasında keçirilən “Sabahın ulduzları” turnirinə yekun vurulub.


AZƏRTAC xəbər verir ki, baş məşqçi İslam Kərimovun rəhbərlik etdiyi “Neftçi” sona bir tur qalmış “Yasamal”ı 7:0 hesabı ilə məğlubiyyətə uğradaraq çempionluğu vaxtından əvvəl təmin edib. “Neftçi”nin heyətində Rüstəm Hüseynli het-trikə, Ramin Əbiyev isə dubla imza atıb. Digər qolları Mircavad Həsənov və Yusif Əliyev vurublar.


Sonuncu turda isə “Neftçi” “Amasiya”ya 6:2 hesabı ilə qalib gəlib. Qolları Rüstəm Hüseynli (3 top), Ramin Əbiyev (2) və Sərxan Əbilov vurublar.


Keçirdiyi 10 oyunun hamısında qələbə qazanan “Neftçi”nin U-9 komandasına Azərbaycan kuboku yarışlarının noyabrın 28-də keçiriləcək “Neftçi”–“Zaqatala” matçının fasiləsində qızıl medallar təqdim ediləcək. Otuz üç qolla sayca 15-ci “Sabahın ulduzları” çempionatının bombardiri olan və turnirin ən yaxşı futbolçusu seçilən “Neftçi”nin  yetirməsi Rüstəm Hüseynli xüsusi mükafata layiq görüləcək.