Salyanlı məktəblilər rəsm əsərlərini nümayiş etdiriblər
Salyan, 13 noyabr, Mahir Babayev, AZƏRTAC
Salyandakı Heydər Əliyev Mərkəzində “Uşaq hüquqları aylığı” çərçivəsində gənc rəssamların əl işlərindən ibarət “Rəssamların gözü ilə dünyaya baxış” adlı sərgi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, sərgidə 13 məktəblinin sulu və yağlı boyalarla işlədiyi mənzərə, natürmort, portret rəsmlərlə yanaşı, modern tablolar və abstrakt təfəkkürün məhsulu olan əsərlər də nümayiş etdirilib. Ümumilikdə sərgiyə 60 rəsm əsəri çıxarılıb.
Rəsm müəllimi Aynur Abbasova AZƏRTAC-a müsahibəsində deyib: “Belə sərginin təşkil olunmasını çoxdan gözləyirdik. Məktəblilərin əl işlərinin yüksək səviyyədə nümayişi balaca rəssamlarla bərabər, biz müəllimləri də sevindirir. Bunun üçün Heydər Əliyev Mərkəzinin rəhbərliyinə təşəkkür edirəm”.
Sonda gənc rəssamlara Heydər Əliyev Mərkəzinin fəxri fərmanları verilib.
13.11.2017