Bərdədə “Breyn-rinq” intellektual yarışında 16 komanda mübarizə aparıb
Bərdə şəhər akademik Zərifə Əliyeva adına məktəb-liseydə Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümü münasibətilə keçirilən “Breyn-rinq” intellektual oyununda rayonun 16 ümumi təhsil müəssisəsinin yuxarı sinif şagirdlərindən ibarət komandaları iştirak edib.
AZƏRTAC xəbər verir ki, yarışdan öncə YAP Bərdə rayon təşkilatının baş məsləhətçisi Səba Məmmədova, Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov, təhsil şöbəsinin metodisti Vüsal Quliyev çıxış edərək, Yeni Azərbaycan Partiyasının yaranma tarixindən və keçdiyi şərəfli yoldan, ölkəmizdə gənclərin hərtərəfli inkişafına göstərilən diqqət və qayğıdan, gənclərin intellektual səviyyələrinin yüksəldilməsi və vətənpərvər ruhda tərbiyə olunması sahəsində görülən işlərdən danışıblar.
Çıxışlardan sonra yarış başlanıb. Əsasnaməyə əsasən komandalar hər birində 4 komanda olmaqla, 4 yarımqrupda biliklərini sınayıblar. Gərgin mübarizə şəraitində keçən yarışda daha yüksək intellektual oyun nümayiş etdirən şəhər 3 nömrəli tam orta məktəbin komandası birinci, Xanqaraqoyunlu kənd tam orta məktəbin komandası ikinci, 7 nömrəli tam orta məktəbin komandası isə üçüncü yeri tutublar.
01.11.2017