Xəbərlər

Bakı Musiqi Akademiyasında görkəmli Azərbaycan bəstəkarı Tofiq Quliyevin 100 illik yubileyi qeyd olunub

Bakı, 29 aprel, AZƏRTAC
 
Estetik Tərbiyyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin təşkilatçılığı ilə aprelin 28-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük zalında görkəmli bəstəkar, Azərbaycanın xalq artisti Tofiq Quliyevin 100 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilib. 
 
Konsertdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndələri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti, professor Fərhad Bədəlbəyli, Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecinin direktoru, əməkdar incəsənət xadimi, professor Nazim Kazımov, xalq artisti Ağacəbrayıl Abbasəliyev, Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının direktoru Aytən Əhmədova, Estetik Tərbiyyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin direktoru Kəmalə Cəfərzadə, Mərkəzin əməkdaşları  və digər musiqi xadimləri iştirak edib.
 
Tədbirin xüsusi qonağı, böyük sənətkarın oğlu, kinorejissor Eldar Quliev çıxış edərək, təşkilatçılara təşəkkürünü bildirdi. O, bəstəkarın mahnılarının bu gün də sevilən olduğunu və onu yaşatdığını qeyd etdi. 
 
Konsert proqramında sevimli bəstəkarımızın musiqi və kino fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib. 
 
Sonra Bakı Musiqi Akademiyasının tələbələrinin, İncəsənət Gimnaziyasının şagirdlərinin ifasında Tofiq Quliyevin mahnılarından ibarət canlı musiqi (vokal, estrada, caz, orkestr, muğam, kinofilmlərdən musiqi) və rəqs nömrələri təqdim edilib. 
 
Şagirdlər bəstəkarın “Azərbaycana gəlsin”, “Bakı haqqında”, “Gecə serenadası”, “Vals”, “Firüzə”, “Zibeydə”, “Səhər”, “Qaytağı” və digərlər əsərlərini ifa etdilər. 
 
Musiqi Akademiyasının xor bölməsinin tələbələrinin ifasında ölməz bəstəkarın “Faytonçu” əsəri tamaşaçılar tərəfindən xüsusi coşqu ilə qarşılanıb. 
 
Sonra fəal çıxışlarına görə tələbə və şagirdlər Təhsil Nazirliyinin Estetik Tərbiyyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin diplomları ilə təltif ediliblər.
 
Akademiyanın foyesində gorkəmli bəstəkarın həyat və yaradıcılığına həsr olunmuş maraqlı sərgi təşkil edilib, həmçinin, Mərkəzin Təsviri Sənət Qalereyasında dərnək üzvlərinin  rəsm əsərləri nümayiş olunub.
 

Tofiq Quliyev müxtəlif illərdə 5 musiqili komediya bəstələyib, valslar, fortepiano üçün prelüd, variasiyalar yazıb. Həmçinin bir çox kino musiqilərinin müəllifidir. Bəstəkar estrada musiqisinin əvəzsiz sənətkarı kimi də tanınıb. Onun lirik, şux, nikbin və oynaq musiqiləri əbədiyaşardır.