Makrotəkamül
Bildiyiniz kimi, mikrotəkamül nəticəsində yeni növlər yaranır. Görəsən, növdən daha böyük taksonomik vahidlər necə yaranmışdır və bunların yaranmasına səbəb olan hansı prosesdir? Canlıların inkişaf tarixində mikrotəkamüllə yanaşı, makrotəkamül də baş vermişdir.
Makrotəkamül daha yüksək təkamül olub növdən yüksək taksonomik vahidlərin yaranmasına səbəb olmuşdur. Makrotəkamül uzun sürən proses olduğuna görə onu bilavasitə izləmək mümkün deyil. Makrotəkamül də mikrotəkamül kimi divergent xarakter daşıyır. O, bir sıra elmi dəlillərlə isbat edilir.
Qazıntı halında tapılan qalıqlar təkamülü isbat edən mühüm dəlillər verir. Canlıların tapılan qalıqları onların hansı dövrdə və hansı şəraitdə yaşadığını, həm də qalıqların bizim dövrə qədər necə qorunub saxlandığını araşdırmağa imkan yaradır.
Arxeoloji qazıntılar nəticəsində canlıların diş, sümük, çanaq, dırnaq və s. qalıqları tapılmışdır. Müasir dövrdə yaşayan canlıları bu qalıqlarla müqayisə etdikdə onlarda müəyyən dəyişikliklərin baş verdiyini görmək mümkündür.
Paleontoloji dəlilləri aşağıdakı qruplara bölürlər.
1. Stratiqrafik dəlillər. Müxtəlif geoloji dövrlərdə tapılan qalıqlara əsasən müəyyən olunur ki, ən qədim qatlarda onurğasız heyvan tiplərinə, sonrakı qatlarda isə xordalılar tipinə aid heyvan qalıqları olmuşdur. Yerin ən üst qatlarında müasir dövrdə yaşayan bitki və heyvan qalıqlarına rast gəlinir.
2. İzotop. Çöküntü süxurlarının yaşı onlarda olan radioaktiv maddələrin izotoplarına görə müəyyən olunur. Radioaktiv maddələrin parçalanması ətraf mühit şəraitindən asılı deyil. Ona görə də yer qatının yaşı onda olan radioaktiv maddə miqdarına görə təyin edilir. Məhz buna əsasən də Yer planetinin yaşı müəyyən olunmuşdur.
3. Keçid formalar. Paleontoloqlar müxtəlif geoloji dövrlərə aid bitki və heyvan qalıqlarını aşkar etmişlər. Bunların bir qismi keçid formalar hesab olunur. Onlara aşağıdakıları misal göstərmək olar:
Trilobitlər həlqəvi qurdlarla buğumayaqlılar arasında keçid forma hesab olunur. Onların buğumlarında, sinir sistemində, tənəffüs orqanlarında oxşarlıq çoxdur. Ancaq trilobitlərin hər buğumunda bir cüt ətraf olmuşdur.
İxtiosteqa iki böyük taksonu birləşdirir. Onlar balıqlarla suda-quruda yaşayanlar arasında keçid forma hesab edilir. Həm üzgəc, həm də ətrafları olmuşdur. Bədənlərinin üzəri pulcuqlarla örtülmüşdür. Onlara oxşar olan steqosefallarda hətta sürünənlərin əlamətlərinin olduğu da güman edilir.
Katilozavrlar - qədim sürünənlərdir. Onların bəzilərində suda-quruda yaşayanların əlamətlərinə rast gəlinir.
İnostranseviya - sürünənlərlə məməlilər arasında keçid formasıdır. Onlarda kəllənin, onurğanın, ətrafların quruluşunda məməlilərə oxşarlıq daha çox olmuşdur. Bu heyvanların dişləri də, məməlilərdə olduğu kimi, kəsici, köpək və azı dişlərinə bölünmüşdür.
Arxeopteriks sürünənlərin əlamətləri ilə yanaşı, quşların da əlamətləri olmuşdur. Lələklərin olması, ön ətrafların qanadlara çevrilməsi, pəncə lüləsi, içi boş sümüklər, çəngəl sümüyünün olmasına görə quşlara; dişlərin, uzun quyruq fəqərələrinin, qarın qabırğalarının olmasına, pəncə sümüklərinin bitişməsinə görə isə sürünənlərə oxşamışdır. Onlarda döş tili inkişaf etməmişdir. Uça bilməyən arxeopterikslər yalnız ağacdan ağaca süzmə hərəkəti etmişlər. Hazırda arxeopteriksi birbaşa sürünənlərlə quşlar arasında keçid forma kimi götürmürlər.
Psilofitlər - yosunlarla ali sporlu bitkilər arasında keçid formasıdır. Dənizlərin kənarında bitən, ağaca və ota bənzər formaları var imiş. Üzərində pulcuqlar olmuş, yeraltı hissələri kökümsova bənzəmişdir. Torpağa rizoidlər vasitəsilə bərkimişdir. Dəricik üzərində ağızcıqlar var imiş. Onlarda mexaniki, ötürücü, örtük toxumalarının olduğu güman edilir.
4. Filogenetik sıralar. Arxeoloji qazıntılar nəticəsində alimlər bir çox heyvanların filogenetik sıralarını müəyyənləşdirmişlər. Bunlardan dırnaqlıların, yırtıcıların, molyuskaların, xortumluların və s. heyvanların filogenetik qruplarını göstərmək olar. Dırnaqlılardan atın filogenetik sırasını izləyək.
Atların filogenetik sıralarını Vladimir Kovalevski müəyyən etmişdir. Onların əcdadının əvvəlcə beşbarmaqlı, tülkü boyda olması məlumdur. Dişləri isə otyeyən heyvanlardakı kimi qabarıq formalı idi. Hündür otların arasında gizlənmiş bu heyvanlar sıçrayışla hərəkət etmişdir. Təkamül nəticəsində onlarda barmaqların sayı azalmışdır. Neogenin sonunda mühit şəraitinin dəyişməsi, daha quraq olması nəticəsində bitkilər alçaqboylu, kobud və qaba olmuşlar. Belə şəraitdə çöllərdə heyvanlar yalnız qaçmaqla özlərini xilas edə bilərdilər.
Təbii seçmə nəticəsində onlarda ətraflar uzanmış, barmaqların sayı azalmışdır. Bundan sonra heyvanlar sürətlə qaça bilmişlər. Nəticədə 3-cü barmaq inkişaf etmiş, 2-ci və 4-cü barmaqlar isə rudiment şəklində qalmışdır. Qaçmaq həm də onurğa sütununun möhkəmlənməsinə səbəb olmuşdur. Qaba yem onların dişlərinin qırışlı olması ilə nəticələnmişdir.
5. Qitələrin dreyfi. Alimlərin yürütdüyü fikirlərdən biri qitələrin yerdəyişməsidir. Paleontoloqlar Antraktidada məhv olmuş çoxlu kələz (iri kərtənkələ) qalıqları aşkar etmişlər. Bu onu göstərir ki, vaxtilə burada hava isti olmuşdur. Yer kürəsində sürüşmələr nəticəsində iqlim dəyişdikdən sonra heyvanlar şimala doğru çəkilmişlər.
Bu dəlillər onu göstərir ki, canlılar aləmi müasir şəklə düşənədək uzun və tarixi bir təkamül yolu keçmişdir.
29.09.2026