Nağıllar, hekayələr

Con Sabunya. Afrika inciləri

Əslən Uqandadan olan bu oğlanın əsl adı Con, familyası Sabunya olsa da, o, “meymun oğlan” ləqəbi ilə tanınmışdır.

 

Üç yaşında ikən nəzarətsiz qalan Con yaşadığı evdən çıxaraq yaxınlıqdakı meşəyə girmiş və orada azaraq yolu itirmişdir. Meşədə itmiş və bir neçə gün ac-susuz qalmış bu üçyaşlı oğlanı yaşıl afrika meymunları tapmış, öz himayələri altına alaraq böyütmüşlər. 

 

3 il meymunlarla birlikdə yaşayaraq sürünün bir üzvünə çevrilir, sürətlə ağaca dırmaşmağı və qida əldə etməyi öyrənir. Maraqlıdır ki, meymunlar yeməli və ya zəhərli bitkiləri uşağın ayağının altına ataraq nəyin yeməli, nəyin təhlükəli olduğunu uşağa başa salırdılar.

 

Təxminən 1991-ci ildə Milli adlı qadın meşəyə göbələk yığmağa gedir. Birdən xışıltı səsi eşidir. Başını qaldırarkən ağacda yarpaqların arasında gizlənib ona baxan və bədəni sıx, cod tüklərlə örtülmüş qəribə bir məxluq görür.

 

Qadın əvvəlcə qorxur, diqqətlə baxdıqda üç il bundan əvvəl itmiş Conu tanıyır. Qadın onu ağacdan düşürməyə cəhd etsə də, məqsədinə nail ola bilmir.

 

Milli həmkəndlilərini köməyə çağırır. Con onu tutmaq istəyənlərə çox ciddi müqavimət göstərir. Bu “işdə” ona himayəçiləri olan meymunlar da kömək edirlər. Onlar Conu yaxalamaq istəyən adamlara müxtəlif ağac budaqları, meyvələr tullayaraq oğlanı qorumağa çalışırlar.

 

Lakin bütün bunlara baxmayaraq, kəndlilər Conu tuta bilir və onu kəndə gətirirlər. Heç kimi yaxına buraxmadığına görə əvvəlcə Conu ayrıca bir otağa salırlar. Bir neçə gün ona yeməyi qapıdan atırlar. Ancaq oğlan tədricən insanlara öyrəşir. Oğlanı himayəsinə götürən qadın onu çimdirir. Bədəninin sıx tük örtüyü onu meymunlardan az fərqləndirirdi. 

 

Bu da vəhşi təbiətdə uzun müddət heç bir şərait olmadan qaldığı zaman meydana gəlmişdir. Conun bədəninin müxtəlif nahiyələri cızılmış-göyərmiş yaralar və sıyrıntılarla dolu idi. Bu da, çox güman ki, onun meymun kimi gəzməsi, ağacdan- ağaca tullanması zamanı qazanılmışdır.

 

Con 1-2 ildən sonra Molli və Pol Vasva cütlüyünün rəhbərlik etdiyi uşaq evinə verilir. Bu cütlük ilk vaxtlar yalnız müəyyən səslər çıxaran oğlana insan kimi davranmağı və danışmağı öyrədir. Onlar Cona hətta oxuyub-yazmağı da öyrədirlər. Con tədricən heyvanlara məxsus davranış tərzindən tamamilə qurtulur, yaşıdları kimi normal həyat yaşayır. Sonradan xor dərnəyinə yazılır.

 

Con tez-tez qastrollarda olan “Afrika inciləri” xorunda çıxış edərək bir çox ölkələri gəzir.