Təbiət

İnsanın təsnifat sistemində yeri

Qədim yunan filosofu Sokrat digər filosofların birindən: “İnsan nədir? O, digər canlılardan necə fərqlənir? - deyə soruşur.

 

Həmin filosof öz cavabında: “İnsan - lələkləri olmayan ikiayaqlı canlıdır”, - cavabını verir.

 

Sokrat ona heç nə demir. Lakin növbəti görüşdə kisədə lələkləri yolunmuş xoruz gətirir. Lazım olan vaxtda “Budur sənin insanın” deyərək xoruzu kisədən buraxır.

 

İnsan da digər canlılar kimi təbiətin ayrılmaz hissəsidir. Alimlər təsnifat sistemində insanı heyvanlar aləminə aid edirlər. Onurğalı heyvanlarda olduğu kimi, onda inkişafın ilk dövrlərində bədənin dayağını təşkil edən xorda meydana gəlir. Buna görə də o, xordalılar tipinə aid edilir.

 

İnsan yeni doğulan balasını südlə bəsləyir. Bu səbəbdən insanı məməlilər sinfinə aid edirlər. İnsanda bir çox heyvanlardan fərqli olaraq gözlər başın ön hissəsində.yerləşir Bundan başqa, sifətlərində mimikanı ifadə edən əzələlər, beşbarmaqlı ətraflarda yastı dırnaqlar olur. Bu əlamətlər qorilla, şimpanze kimi insanabənzar meymunlarda da müşahidə edilir. Belə əlamətləri olan heyvanlar primatlar dəstəsinə aid edilir. Lakin insan insanabənzər meymunlara nə qədər oxşasa da, müəyyən əlamətlərinə görə onlardan fərqlənir. Belə ki, insanda meymundan fərqli olaraq kəllənin beyin şöbəsi üz şöbəsindən böyükdür. Bu onda şüurun inkişaf etməsinə və əlin əmək alətinə çevrilməsinə səbəb oldu. Bu səbəbdən o, Homo (insan) cinsinə aiddir. Hazırda insanın yalnız bir növü - Homo sapiens (dərrakəli insan) qalmışdır.

 

İnsan bioloji varlıqdır. Onun həyat fəaliyyəti qidalanma, tənəffüs, ifrazat, hərəkət, çoxalma kimi bioloji proseslərə əsaslanır.

 

Heyvanlardan fərqli olaraq insan sosial varlıqdır. Onu sosial varlıq kimi fərqləndirən əmək, ictimai həyat tərzi, nitq və təfəkkürdür.

 

Əmək, fəaliyyəti nəticəsində insan müxtəlif məhsullar, istehsal edir, tikir, yaradır, yeni kəşflər edir. Butun bu işləri insanlar əksər hallarda birgə görürlər. İctimai həyat tərzi nəticəsində onlarda yalnız insana xas olan ünsiyyət vasitəsi - nitq yaranması güman edilir. Nitqin yaranması ilə əlaqədar insanda mücərrəd təfəkkür inkişaf etmişdir.

 

Beləliklə, insan quruluş xüsusiyyətlərinə görə heyvanlara oxşasa da, əmək fəaliyyətinə, nitqin və mücərrəd təfəkkürün olmasına görə heyvanlardan fərqlənir.