Bu maraqlıdır!

Qədim yunan sözləri-2

Qədim Yunanıstan dünyada elmin beşiyi sayılır. Bir çox elm sahələri burada yaranmışdır. Böyük yunan alimləri biliklərini gənc nəslə ötürmək üçün öz məktəblərini yaradırdılar. Beləliklə, ölkədə təhsil inkişaf edirdi. Təsadüfi deyil ki, elm və təhsillə bağlı bir sıra sözlər qədim yunan dilində yaranmış, sonradan başqa dillərə keçmişdir.
 
 
Gimnaziya
 
Qədim yunanlar fiziki tərbiyəyə çox diqqət yetirirdilər. Yeniyetmə və gənclərin fiziki hazırlığı üçün xüsusi yerlər ayrılırdı. Burada onlar idmanla yarıçılpaq məşğul olurdular ki, paltar bədənlərini narahat etməsin. Bu səbəbdən həmin yeryunanca "gymnasium", yəni "yarıçılpaq halda məşq etmək üçün yer" adlanırdı. "Gimnastika" sözü də bu sözdən yaranmışdır.
 
Yunanlar hesab edirdilər ki, insan həm əqli, həm də fiziki cəhətdən inkişaf etməlidir. Ona görə də gimnaziyada təlim-tərbiyə yalnız fiziki məşqlərlə məhdudlaşmırdı. Müəllimlər şagirdlərlə həm də elmi mövzularda söhbətlər edirdilər. Beləliklə, gimnaziya qılıncoynatma, qaçış, əlbəyaxa döyüş, musiqi, ritorika, riyaziyyat və sair sahələr üzrə dərslərin keçirildiyi təhsil ocağı idi.
 
İngilis dilində indiyədək "gymnasium" sözü ancaq idmanla məşğul olunan yeri bildirir. Bir çox başqa dillərdə, o cümlədən Azərbaycan dilində "gimnaziya" sözü "məktəb" anlamına gəlir.
 
 
Lisey
 
Gimnaziyaların əksəriyyəti indiki Yunanıstanın paytaxt Afinada yerləşirdi. Afinalılar arasında, demək olar ki, savadsız adam yox idi. Oğlanlar kiçik yaşlarından müəllim yanına gedirdilər. Bir az böyüdükdən sonra onlar gimnaziyaya daxil olurdular. Qızlar isə evdə təhsil alırdılar.
 
Böyük yunan alimi Aristotel də öz gimnaziyasını yaratmışdı. O, Afina sakini deyildi, buna görə də Afinada ev və torpaq almaq hüququ yox idi. Bu səbəbdən böyük filosof şəhərdən kənarda yerləşən Apollon Likeysk məbədi yaxınlığında, yaşıllıq bir yerdə dərs keçirdi. Bu məktəb məbədin şərəfinə "Likey" adlanırdı. Qədim yunan dilindən tərcümədə "likiya" sözü "canavarları məhv edən" deməkdir. Aristotelin məktəbi böyük şöhrət qazanmışdı. "Likey" sözü illər keçdikcə "lisey"ə çevrildi. O vaxtdan bir çox ölkələrdə uşaqlar üçün təhsil ocaqları "lisey" adlandırıldı.