Nağıllar, hekayələr

Manqust

Redyard Kiplinq
“Cəngəlliklər kitabı”ndan

 
1-ci hissə
 
Günlərin birində güclü yağışdan sonra çay daşdı. Çayın axını Rikkini uzaqlara apardı. Rikki özünə gələndə başının üstündə bir oğlan gördü. Bu,
Teddi idi. Rikkini onun ailəsi xilas etmişdi.
 
Onlar islanmış Rikkini quruladılar. Ona yemək və su verdilər. Bir neçə gün sonra Rikki özünə gəldi. O bu qayğıkeş və mehriban ailəyə minnətdar idi.
Qəribə idi ki, Rikki indiyə qədər elə düşünürdü ki, insanlarla manqustlar düşməndirlər. Ancaq Teddinin ailəsi Rikki ilə dost olmuşdu. Ona görə də Rikki öz evinə dönməyib onlarla qalmağa qərar verdi.
 
Teddigilin bağçasında dərziquşu Darsi yuva qurmuşdu.
 
Rikki bir gün bağçaya çıxarkən Darsinin ağladığını gördü.
– Niyə ağlayırsan? – deyə soruşdu.
– Mənim balam ağacdan yerə düşmüşdü.
 
Naq onu yedi.
– Naq kimdir?
 
Kolların arasından qorxunc bir fısıltı eşidildi:
– Naq mənəm.
Bu, qara rəngli, qəddar baxışlı, nəhəng bir kobra idi.
– Bura bax, Naq, Darsinin balasını niyə yemisən?
 
Naq bu dəfə daha bərk fısıldadı. Ancaq Rikkini qorxuda bilmədi. Rikkinin gözləri qıpqırmızı olmuşdu. O, Naqla döyüşməyə hazırlaşırdı. Lakin bu zaman Darsinin qışqırığını eşitdi:
– Özünü gözlə, Rikki.
 
Kobra Naqayna dostuna köməyə gəlmişdi. O, kolların arası ilə sürünərək arxadan Rikkiyə hücum etmək istəyirdi. Ancaq Darsinin sayəsində Rikki bu hücumdan qorundu. Kobralar isə otların arasında gözdən itdilər.
 
2-ci hissə
 
Rikkinin qəhrəmanlığı hamının ürəyincə idi. Naq və Naqayna isə qəzəbdən özlərinə yer tapa bilmirdilər.
Naq qərara gəldi ki, gizlincə evə girib Teddini sancsın.
 
Gecə vaxtı Naqla Naqaynanın söhbətini eşidən Çuçundra tez Rikkinin yanına qaçdı. Naqın intiqam planını ona danışdı.
Rikki Teddinin çarpayısı altında gizlənib gözləməyə başladı.
 
Gecəyarısı evin içində fısıltı səsi eşidildi. Bu, Naq idi. O, Teddinin çarpayısına tərəf sürünürdü. Bunu görən Rikki onun üstünə tullandı. Pəncəsi ilə ilanın boynunu möhkəm sıxdı və dişlərini onun boynuna keçirdi. Naq bir qədər çırpındı, sonra hərəkətsiz qaldı.
 
Rikki bilirdi ki, Naqayna ondan intiqam alacaq. Onu qabaqlamaq qərarına gəldi. Səhər açılan kimi bağa gedib onun yuvasını axtarmağa başladı. Elə bu zaman Darsi həyəcanla xəbər gətirdi:
- Tez gəl, Rikki, Naqayna evə girdi. Evdəkiləri öldürəcək. Rikki sürətlə evə qayıtdı. İçəri girəndə gördü ki, Teddi atasının qucağındadır.
 
Bu onu bir qədər sakitləşdirdi. Amma Naqayna qıvrıla-qıvrıla ata ilə oğula tərəf sürünürdü. Bunu görən Rikki adəti üzrə qışqırdı:
- Rikk-tikk, tikki-tikki, tavv.
 
Naqayna bu səsi eşidib geri döndü. Rikkinin qarşısında hücuma hazır vəziyyət aldı.
Rikki Naqaynanı əzmək üçün fürsət axtarırdı. Ancaq bu, asan deyildi.
 
Naqayna həm böyük, həm də çox hiyləgər idi. O, bir göz qırpımında evdən çıxıb yuvasına doğru şığıdı.
Rikki də onun arxasınca bağa qaçdı.
 
Naqayna yuvasına girəndə Rikki onun quyruğundan tutdu. Amma Naqayna çox güclü idi. O, Rikkini də sürüyərək yuvasına apardı.
 
Teddinin ailəsi və bağda yaşayan heyvanlar intizarla yuvanın qara dəliyinə baxırdılar.
 
Yuvadan vahiməli fısıltı, çığırtı, boğuşma səsləri gəlirdi. Birazdan səslər kəsildi. Teddi “Rikki, Rikki deyə qışqırıb ağlamağa başladı.
Darsi qəmli nəğmə oxuyurdu.
 
Birdən Teddi də, Darsi də susdular. Yuvanın ağzında Rikkinin başı göründü.O, yaralı idi. Var gücünü toplayıb yuvadan çıxdı. Yavaş səslə dedi:
- Mən qalib gəldim.
 
Rikkini sağ-salamat görən dostları çox sevindilər. Bundan sonra onların həyatı üçün təhlükə yox idi. Həmin gündən bağda hamı mehriban və  xoşbəxt həyat sürdü.