Nağıllar, hekayələr

Rafiq Ələkbəroğlu. Ad günü hədiyyəsi

- Ana, bu gün dördüncü gündür?

 

- Bəli, qızım, cümə axşamıdır.

 

- İki gündən sonra Aytənin ad günüdür. Məni də çağırıb.

 

- Lap yaxşı. Gedib təbrik edərsən.

 

- Ana, bəs hədiyyə?..

 

- ...Bir şey fikirləşərik.

 

Səmra heç nə deməyib yataq otağına keçdi. Kitablarını masanın üstünə qoydu ki, dərslərini hazırlasın. Amma fikrini toplaya bilmədi...

 

Səmra ilə Aytən bir sinifdə oxuyurdular. Aralarında gizli rəqabət var idi. Kim məsələni daha tez həll edəcək? Kimin essesini müəllim daha çox tərifləyəcək? Aytən pianoda yaxşı çalırdı. Səmra isə gözəl rəsmlər çəkirdi.

 

Aytən deyib-gülən, şən qız idi. Həmişə hisslərini açıq büruzə verirdi - sevinəndə də, kədərlənəndə də, hirslənəndə də, hətta qorxanda da... Əgər Aytən kiməsə xoş münasibət bəsləyirdisə, bunu elə edirdi ki, hamı həmin adamı sevməyə başlayırdı. Səmra isə... Onun sevinci də, kədəri də içində idi. Bir də... Dərslərdən sonra atasının sürücüsü Aytəni evə maşınla aparırdı. Səmra isə anası ilə piyada gedirdi...

 

- Səmra, qızım, nə fikirləşirsən? - ana yaxınlaşıb onun saçlarını tumarladı.

 

- Heç...

 

- Hədiyyə barədə düşünürsən?

 

- ...

 

- Qızım, vacib deyil ki, bahalı hədiyyə olsun.

 

- Demirəm ki, çox bahalı olsun...

 

- Bilirsən, hədiyyə gərək yaddaqalan olsun, özəl olsun... Gəl belə edək. Sən Aytən üçün gözəl bir rəsm çək. Mən mağazadan şüşəli çərçivə alaram. Sənin rəsmini salarıq çərçivəyə, onu da qoyarıq hədiyyə qutusuna. Qutunu da elə bəzəyərik ki, sənin hədiyyən daha cəlbedici olar. Hə, nə deyirsən?

 

- Nə bilim... Birdən rəsmim xoşuna gəlmədi? Ona hər şeyi bəyəndirmək olmur.

 

- Gələr, gələr. Sən şəkli sevə-sevə çək. Aytənlə keçirdiyin ən xoş məqamları yadına sal və çək.


Ertəsi gün Səmra məktəbdən qayıdan kimi molbertini qurdu, boyalarını yanına düzdü. Fikirləşməyə başladı. Nə çəksin? Anasının sözləri yadına düşdü:"Sevə-sevəçək...Xoş məqamları yadına sal".

 

...Bir dəfə Aytən onu uşaq musiqi kollektivinin konsertinə dəvət etmişdi. O özü də bu konsertdə piano çalacaqdı. Səmra ilk dəfə idi ki, möhtəşəm konsert zalında canlı musiqi dinləyirdi. Sanki başqa bir aləmə düşmüşdü. Tamaşaçılar Aytənin ifasını alqışlayanda Səmranın yanında oturan bir qadın dilləndi:


- Balaca qızdır, gör nə gözəl ifa edir!

 

Səmra fərəhlə dilləndi:

 

- O mənim rəfiqəmdir. Biz bir sinifdə oxuyuruq.

 

Ertəsi gün Aytən Səmradan soruşdu:

 

- Konsert xoşuna gəldi?

 

- Çox! Sən də əla ifa etdin!

 

- Bilirsən, mən böyüyəndə pianoçu olacağam. İstəyirəm bütün dünyanı gəzib konsertlər verim. Təsəvvür edirsən, hamı ayağa qalxıb qışqırır: "Bravo, Aytən!"

 

Bu sözləri deyəndə Aytənin gözləri parlayırdı. Həmin an Səmra da çox istəyirdi ki, rəfiqəsi nə vaxtsa bu arzusuna çatsın...

 

İndi Səmra həmin anı xatırladı və fırçanı əlinə alıb şəkil çəkməyə başladı...