Ceyms Oldric. Sonuncu düym
Külək kiçik "Oster" təyyarəsini amansızcasına silkələyirdi. Amma Devi canını dişinə tutub səsini çıxarmırdı. Atasının "Qorxursan?" sualına oğlan asta səslə: "Bir azca", - deyə dilləndi.
- Qorxma, məni dinlə. Enmə zamanı təyyarədən yerə qədər məsafə altı düym olmalıdır. Nə az, nə çox, düz altı düym. Bir az yüksəkdən uçsan, enmə zamanı təyyarə yerə çırpılıb zədələnə bilər. Çox aşağıdan uçsan, kələ-kötür yerə düşüb çevrilə bilər, - deyə Ben oğluna izah etdi.
Bu da sonuncu düym! Ben mühərriki söndürdü, ayağını əyləcə basdı və təyyarə dayandı.
Köpəkbalığı körfəzi adlanan bu sularda akulalar çox olurdu. Ben burada teleşirkətin sifarişi ilə sualtı çəkilişlər aparırdı.
Devi ətrafa göz gəzdirdi. Qarşıda mavi dalğalı sulardan, arxada isə göz işlədikcə uzanan qumlu-çınqıllı təpəciklərdən başqa heç nə yox idi. Uşağı qorxu bürüdü:
- Ata, bizim burada olduğumuzu kimsə bilir?
- Heç kəs.
- Bəs bizi tapa bilərlər?
- Yox. Quru ilə bura yol yoxdur. Təyyarədən bizim balaca maşını çətin ki görsünlər. Mərcan riflərini görürsən? Bu riflərə görə heç bir qayıq sahilə yaxınlaşmaz.
Devinin qorxduğunu görən Ben uşağı sakitləşdirdi:
- Qorxma, suyun altında yarım saatdan artıq qalmaram.
Ben kürəyində akvalanq, bir əlinə kamera, o birinə təzə ət götürüb suya girdi. O, əti məftillə rifə bağladı ki, akulalar əti asanlıqla qopara bilməsinlər, özü isə təhlükəsiz yerə çəkilib gözləməyə başladı.

Akulalar at iyi hiss edən kimi gəldilər. Ben hər şeyi çəkə bildi: qabaqda gələn pələng- akulani, akulaların geniş açılmış qorxunc ağızlarını, əti qoparan iri dişlərini...
Birdən pələng-akula onun üstünə şığıdı. Qorxunc yırtıcı böyrü üstə çevrilərək hücuma hazırlaşırdı. Ben kamera ilə akuladan qorunmağa çalışsa da, artıq gec idi. Yırtıcı dişlərini Benin qoluna sancdı. Sonra o biri qolundan yapışdı. Ben əllərini yelləməyə başladı. Suyun rəngi qıpqırmızı idi. Akulanın onun ayaqlarından yapışmaq istədiyini görəndə Ben yırtıcını var gücü ilə itələyib suyun üzünə çıxdı...
Ben özünə gələndə başı üstündə oğlunu, onun dəhşət dolu gözlərini gördü. Əlləri, ayaqları didik-didik idi. O anlayırdı ki, nə isə etmək lazımdır. Ona bir şey olsa, Devi bu qızmar səhrada tək-tənha qalacaq. Uşağı vaxtında tapacaqlar, ya yox - məlum deyil.
Ben var gücü ilə dartıb köynəyinin qolunu cırdı və Deviyə uzatdı:
- Devi, qolumu yuxarıdan sarı... Möhkəm sıx... Bir az da... Afərin!
Benin taqəti kəsilirdi. O başa düşürdü ki, hər ikisinin həyatını xilas etmək üçün Devi hərəkətə keçməlidir. Amma necə?! Uşaq bunu bacaracaqmı? Özünü birtəhər toparladı:
- Devi, ikimizin də həyatı səndən asılıdır. Məni diqqətlə dinlə, dediklərimi etməyə çalış. Sənə acıqlansam da, incimə. İndi isə o iri dəsmalı yerə sər. Mən özümü onun üstünə salaram, sən isə dəsmalı təyyarəyə tərəf dartarsan.
- Mən səni təyyarəyə qaldıra bilmərəm axı, - Devi kədərlə dedi.
- Özünü sınamadan heç vaxt nəyə qadir olduğunu bilməzsən, - Ben yumşaq səslə dedi.
- Sən təyyarəni necə sürəcəksən? Əlini tərpədə bilmirsən...
- Bu barədə düşünmə. Dizlərimlə idarə edərəm. Sən durma, məni apar.
Devi dəsmalı darta-darta birtəhər Beni təyyarəyə yaxınlaşdırdı. Ben dedi:
- Devi, təyyarənin qapısının qabağına daş yığ. Dəsmalı belimə möhkəm bağla, təyyarəyə çıx, məni daşın üstü ilə dartıb təyyarəyə qaldıracaqsan.
Ben vəziyyətinin çox ağır olduğunu bilirdi. Lakin xilas olmaq üçün oğluna təyyarəni sürməyi öyrətmək lazım idi. Devi güc-bəla ilə atasını təyyarəyə qaldıra bildi.
- Devi, ayağını pedalın üstünə qoy... Yaxşı... Afərin! Qara açarı çevir... Əla!.. İndi o düyməni bas. Mühərrik işləyəndə qazın dəstəyini bir az da çək... Dayan. Təyyarəni küləyə qarşı çevir... Belə!..
Onlar artıq havaya qalxmışdılar. Ben bir şeydən qorxurdu: birdən huşunu itirər.
- Hansı tərəfə uçmalıyam? - Devi var gücü ilə qışqırdı.
- Sahilboyu uç. İstiqaməti dəyişmə. Heç nə etmək lazım deyil, maşın özü öz işini görəcək...
Onlar yerə yaxınlaşırdılar. Ben çox həyəcan keçirirdi. Bilirdi ki, təyyarəni endirmək onu sürməkdən qat-qat çətin bir işdir.
- Devi, aerodromu gözdən itirmə. Mühərriki söndür!.. Dəstəyi qabağa ver!.. İndi sola doğru endir!.. Afərin!.. Hər şey qaydasındadır. Sən bacaracaqsan, Devi!
Devi öz-özünə: "Bacarmalıyam!"-dedi. Təyyarənin enməsinə bir dəqiqə qalırdı.
- Altı düym, - deyə Ben qışqırdı. Ağrıdan və gərginlikdən onun sanki dili şişmişdi, gözlərindən yaş axırdı. Onları yerdən sonuncu düym ayırırdı. Ben: "Vaxtdır!" - deyə qışqırmaq istəyirdi, lakin Devini çaşdırmaqdan qorxaraq səsini çıxara bilmirdi. Son ölüm-dirim anında o, təyyarənin burnunun azca qalxdığını hiss etdi. Həyəcandan az qala Benin nəfəsi kəsiləcəkdi. Nəhayət, təyyarənin təkərləri yerə toxundu. Bu, sonuncu düym idi. Küləyin təsirindən təyyarə yerdə dövrə vurub dayandı. Ətrafa dərin sükut çökdü...
21.05.2026