
Qış təzəcə girmişdi. Böyük çillə at oynadır, elə bil ki ətrafda nə varsa, dondurmağa çalışırdı. Bir yerdə qərar tutmayan boz sərçələrin bəzisi arabir sırsıra bağlamış budaqlarda civildəşir, qalanları isə yem tapmaq üçün hoppana-hoppana qarı dimdikləyirdi...
İlk qar dənəcikləri havada uçuşandan uşaqlar sanki əsrarəngiz bir aləmə düşmüşdülər; onlar hava lap qaranlıqlaşana qədər evlərə yığışmadılar, məhəllələrdə, parklarda qartopu oynamaqdan, küçə fənərlərinin sarımtıl işığında göydən enən ulduz yağışını seyr eləməkdən doymadılar...
Ertəsi gün daha böyük coşqu, haray-həşirlə məktəbə yollandılar.
Sazaqdan yanaqları, burun-qulaqları qızaran məktəblilər ikibir-üçbir qapısında 8A yazılmış sinfə daxil olduqca içəridəki səs-küy artırdı. Kimi xizəklə sürüşməsindən, kimi qartopu oyunundan, kimi düzəltdiyi nəhəng qar adamdan danışırdı. Nihad isə elə bil deyilənləri eşitmirdi. O, həmişəki kimi hamıdan axırda gəlib saymazyana yerinə keçdi, dəftər-kitabını çıxararaq özünü məşğul kimi göstərmək istəsə də, gözucu yoldaşlarını süzdü. Elə bu vaxt sinif rəhbəri Mətanət müəllim qapının ağzında göründü. O, yanınca gətirdiyi ağbəniz, hündürboylu oğlanı təqdim elədi:
– Uşaqlar, Murad bu gündən sizinlə oxuyacaq, inanıram ki, onunla dost olacaqsınız.
Təzə şagird arxadakı boş partada oturdu. Üzünə zillənən maraq dolu baxışları duyduqca yanaqlarına xəfif qızartı çökdü, iri, qara gözləri döşəməyə dikildi. Bunu hamıdan əvvəl anlayan Nihad istehzayla gülümsünüb özlüyündə düşündü: “Heç oxuyana oxşamır”. Lakin elə birinci dərsdəcə Muradın suallara düzgün cavab verməsi onu darıxdırdı, elə bil haradansa köksünə yad bir əl uzandı, ürəyini qamarlayıb var gücü ilə sıxmağa başladı... Günlər keçdikcə bu sıxıntı daha da çoxalır və onu təzə şagirdi pərt eləməyə təhrik edirdi. Bəzən “bilmədən” qarşısında dayanıb yolunu kəsir, bəzən: “Pardon”, – deyərək kobudluqla çiynindən itələyib keçir, hərdən də hamıdan üstün olduğunu göstərmək üçün pəncərənin qabağında tək-tənha dayanır, sağ əlini belinə qoyaraq kinayəli baxışlarla Muradı süzür, onunla söhbətləşən oğlanlara lağ eləyirdi. Müəllimlərin təzə gələn şagirdə münasibəti onu lap haldan çıxarırdı: “Təzə gəlib, özünü gözə soxur, əslində, heç nə bilmir! Bir az keçsin, görəcəksiniz!” Nihad ürəyindəki kini heç cürə gizlədə bilmirdi...
Zahirən sakit, qaradinməz görünən Muradla həmsöhbət olanlar isə ondakı səmimiliyə, mehribanlığa heyran qalırdılar. Belə anlarda Nihad hikkəsindən özünə yer tapa bilmirdi...
***
Coğrafiya dərsi həmişə maraqlı olardı. İçəri girən kimi müəllim sualları dolu kimi yağdırardı. Bu dəfə də ilk sual müəllimin ağzından çıxar-çıxmaz Nihad sağ əlini qaldırıb diqqəti cəlb eləmək üçün dirsəyi ilə partanı döyəclədi və kəskin hərəkətlə çiyni üstdən qanrılıb arxada əyləşənlərə baxdı. Onun narahat baxışlarında qəfildən qəzəb qığılcımları parladı: Murad da cavab verməyə hazır idi. Bugünkü dərslərin hamısında müəllimlər verdiyi məntiqli cavablara görə ondan çox razı qalmışdılar. İndi də elə oldu. Coğrafiya müəllimi həlim, mehriban bir səslə növbəti çətin sualı da təzə şagirdə verdi. Murad böyüklərə məxsus bir təmkinlə sualın cavabını izah eləyəndə qəzəbdən Nihadın sifəti səyridi, dodağının altında öz-özünə mızıldandı. Onun bütün hərəkətlərini izləyən Samirlə Rəsul bir-birinə baxıb qımışdılar...
***
Muradın iri qara gözlərinin dərinliyində bir kədər yuva salmışdı. Bunu ilk ədəbiyyat dərsindəcə Könül müəllim hiss eləmiş, amma səbəbini aydınlaşdıra bilməmişdi. Sinif rəhbəri Mətanət müəllim də sadə geyimi, ciddi görünüşü ilə seçilən Məryəmlə – Muradın anasının adı belə idi – dəfələrlə bu barədə danışmaq istəmiş, lakin qadın bir bəhanə ilə söhbətdən yayınmışdı.
Məryəmin işləyib-işləmədiyini bilən yox idi. Dərsin qurtarmasına xeyli qalmış hamı onu məktəbin dəmirmilli darvazasının qarşısında görməyə adət eləmişdi. O, əllərini qoynuna qoyub gözlərini məktəbin qapısına zilləyər, bəzən bir saata yaxın dinməz-söyləməz dayanaraq oğlunun məktəbdən çıxmasını gözləyər, gəlib-gedənlərə, həyətdə hay-küylə qaçışan uşaqlara gözünün ucuyla da baxmazdı. Gözlərinin ətrafında heç bir qırış olmasa da, həmişə bağladığı qara yaylığının altından pərakəndə şəkildə çıxan gur tellərini darayan ağ zolaqlar gündən-günə çoxalırdı. Gümüşü saçlar Məryəmin kədər dolu çöhrəsinə qəribə bir işıq salır, onunla qarşılaşanlar bu qeyri-adi nurun cazibəsini dərhal duyur, gözlərini onun mülayim, mehriban simasından çəkə bilmirdilər...
Ananın hər gün səkkizinci sinifdə oxuyan oğlunun dalınca gəlməsi, onu gözdən uzaq qoymaması hamıda təəccüb doğururdu. Piyadalar üçün keçiddə dayananda da, yolu keçəndən sonra da oğlunun əlini buraxmayan qadının hərəkətlərini Könül müəllim dəhlizin pəncərəsindən bir neçə dəfə izləmiş, övladını körpə uşaq kimi qoruyan ananın narahatlığını anlamamışdı. Könül müəllim Murada ayrıca diqqət yetirir, onu “Azad” hekayəsinin qəhrəmanına oxşadır, özlüyündə “Sükuti” adlandırırdı.
***
Bir dəfə riyaziyyat müəllimi kiçik summativ qiymətləndirmə keçiriləcəyini bildirdi. Ertəsi gün bütün şagirdlər həyəcan içində yerlərində əyləşib riyaziyyat müəllimini gözləyirdilər. Nihad isə Muradı gözaltı süzə-süzə şəstlə müəllimin stoluna yaxınlaşdı.
Zəng vurulan kimi müəllim sinfə girdi. O, səliqə ilə üst-üstə yığılmış içi dolu faylları stolun üstünə qoyub təəccüblə Nihada baxdı:
– Nə üçün burada dayanmısan?
– Uşaqlar köçürməsinlər deyə, tarixdən summativ yazanda müəllim məni burada oturtmuşdu.
Müəllimindən:
– Köçürməzlər, sən də yerində əyləş, – sözlərini eşidən Nihad pörtmüş halda öz partasına qayıtdı. İmtahanın qiymətləri səhəri gün açıqlanacaq, hər bir şagird səhvlərinin izahını dinləyəcəkdi.
Sinifdə bütün uşaqlar riyaziyyatı çox sevirdilər. Odur ki növbəti dərsdə müəllimin gəlişini gözləmədən proyektoru tənəffüsdə işə saldılar ki, vaxt itkisi olmasın, dərsə tez başlasınlar. Tavandan asılmış cihazın göy işığı bir neçə dəfə yanıb-söndü, işə düşər-düşməz hamı müəllimin kompüterdən lövhəyə ötürdüyü tapşırıqlara baxaraq səhvlərin izahını dinləməyə başladı.
Həmin gün Nihadın qanı yamanca qaraldı: “dörd” almışdı, rəqibinin cavabları isə “beş”ə layiq görülmüşdü. Dərs bitən kimi o heç kimə məhəl qoymadı, müəllimdən də əvvəl dəhlizə qaçdı...
***
– Axı nə üçün dörd almısan? – anası əsəbi halda Nihadın üstünə gələndə o istər-istəməz geri çəkildi:
– Çətin idi...
– Bəs başqaları üçün niyə çətin deyildi?! Çətin idisə, o təzə gələn uşaq necə alır beşi?!
Ananın əlindəki telefonun ekranı tez-tez işıqlanır, aramsız qısa mesaj siqnalları eşidilirdi. O, telefona baxıb tələsik nə isə yazmağa başlayanda Nihadın ürəyi yerinə gəldi: “Yaxşı ki başı telefona qarışdı”. Amma çox çəkmədən anası gözü telefonda ola-ola yenidən deyinməyə başladı:
– Budu ey, valideynlərin hamısı onun ağlından, zəkasından danışır. Sən niyə elə olmursan, sənin nəyin əskikdir axı?!
Nihad anasının həm təəssüf, həm də kədər yağan üzünə baxdı, onu incitdiyini düşünüb pərt oldu, yumaq kimi büzüşdü. Elə həmin gündən Murada olan nifrəti daha da artdı...
***
Günlər, həftələr ötür, lakin bu uşaqların ulduzu barışmırdı ki, barışmırdı. Əslində, Muradın heç kimlə işi yox idi: o, dərsində geri qalanlara həvəslə kömək edir, hər kəsin sevgisini qazanırdı. Bircə Nihad yerli-yersiz onu ələ salmağa çalışır, kiçik uğursuzluğuna açıq-aşkar sevinir, əlini-əlinə çalıb qəhqəhə çəkirdi. Çox danışmağı sevməyən Muradın son günlər düşüncəli gəzib-dolanması, gözlərini bir nöqtəyə zilləməsi də onu nəşələndirir, yoldaşlarının qulağına rişxəndlə pıçıldayırdı: “Hm... özünü ağıllı uşaq kimi göstərir”. Murad isə elə bil ki onun lovğalığını, yekəxana hərəkətlərini görmür, atmacalarını eşitmirdi; sanki o özünün heç kimə bəlli olmayan sirli dünyasındaydı...
20.05.2026