Nağıllar, hekayələr

İsmayıl Şıxlı. Bəs zınqırovu kim asacaq

Neçə gün idi ki, Bozdağın ətəyində müşavirə gedirdi. Siçanlar iclasa toplaşmışdılar. Hamısının ürəyi yaralı, dərdi böyük idi.

 

Yığıncağı uzunbığlı, yaşlı bir siçan açdı:

- Mənim əzizlərim, hamınıza məlumdur, niyə bura yığışmışıq. Bu pişiklər sinəmizə dağ çəkir. Belə getsə, kökümüzü tamam kəsəcəklər. Buraya toplaşmaqda məqsədimiz birləşmək və ümumi düşmənə qarşı əlbir olub tədbir görməkdir.

 

Bu sözlər hamının ürəyindən xəbər verdi. Yerdən səslər eşidildi:

- Buna dözmək olmaz!

- Rədd olsun pişiklər!

 

Yaşlı siçan sözünə davam etdi:

- İndi deyin görək, nə edək? Axı əl-ayağımızı boş qoyub otura bilmərik.

 

Hamı fikrə getdi. Ön sıralarda oturan siçanlardan biri təmkinlə dilləndi:

- Bizim pişiyə gücümüz çatmaz. Hamımızı bir-bir qırar. Amma bunun bir çarəsi var. Biz pişiyin boynuna zınqırov asmalıyıq. Yaxınlaşanda zınqırov səsindən bilək ki, pişik gəlir.

 

Hamı ayağa qalxıb bu təklifi alqışladı.

 

Haradansa qəşəng bir zınqırov da gətirdilər. Başçı zınqırovu qaldırıb cingildətdi:

- Dostlar, axır ki, dərdimizə çarə tapdıq. İndi deyin görüm, bu zınqırovu pişiyin boynundan kim asacaq?

 

Heç kimdən səs çıxmadı. Elə bil bir az əvvəl coşan onlar deyildilər.

- Hə, nə oldu, niyə dinmirsiniz? - başçı zınqırovu cingildədib bir də soruşdu.

 

Siçanlar bir-birini dümsüklədilər: hərə öz qonşusunu qabağa itələmək istədi. Qabaqda oturanlar geri baxdılar və gördülər ki, heç kəs qalmayıb. Onlar da təşvişə düşüb çöllüyə tərəf yüyürdülər. Meydanda tək qalan başçının səsi eşidilirdi:

- Bəs bu zınqırovu kim asacaq, kim?