Lev Tolstoy. Ədalətli hakim
Qədim zamanlarda Əlcəzairdə Bauakas adlı bir sultan var imiş. Günlərin bir günü sultan eşidir ki, ölkəsindəki kəndlərdən birində çox ağıllı bir hakim yaşayır. Deyirlər, bu hakim həqiqəti dərhal anlayır, heç bir günahkar onun əlindən cəzasız qurtula bilmir. Sultan da eşitdiklərinin gerçək olub-olmadığını öyrənməyi qərara alır.
Tacir qiyafəsinə girən sultan, atını minib hakimin yaşadığı kəndə doğru yola çıxır. Kəndə çatmağa az qalanda şikəst bir dilənçi yaxınlaşıb sultandan sədəqə istəyir. Bauakas adama pul verir, yoluna davam etmək istəyəndə dilənçi onu dayandırır.
Sultan soruşur:
– Sənə istədiyini verdim, daha nə istəyirsən?
Şikəst dilənçi:
– Mənə sədəqə verdin, – deyir, – indi isə səndən bir xahişim var. Məni də atına mindirib kəndin yaxınlığına apar. Burada qalsam, atlar, dəvələr məni əzər.
Bauakasın şikəst adama rəhmi gəlir, onu atının tərkinə mindirib kəndin yaxınlığına qədər gətirir. Sultan atını saxlayıb dilənçini düşürmək istəyəndə o düşmək istəmir.
Sultan deyir:
– Kəndin yaxınlığına gəldik axı. Niyə düşmürsən atımdan?
– Mən niyə düşürəm? – deyə dilənçi açıqlanır. – Bu at mənimdir. Sən düş. Yoxsa səni məhkəməyə verərəm.
Mübahisə etməyə başlayırlar. Səslərinə ətrafdan xeyli adam yığılıb gəlir. Hadisəni eşidənlərdən biri deyir:
– Hakimin yanına gedin! O kimin doğru söylədiyini bilər!
Beləliklə, Bauakasla şikəst dilənçi hakimin yanına gedirlər.
Onlardan əvvəl başqalarının da məhkəmələri var idi. Hakim növbə ilə hər kəsi yanına çağırırdı. İndi növbə bir əkinçi və alimdə idi. Onlar şikayətlərini danışırlar. Məlum olur ki, iki adam bir qadına görə məhkəməlik olub.
Əkinçi:
– Bu qadın mənim arvadımdır! – deyir.
Alim də:
– Yox, bu qadın mənim arvadımdır! – deyə etiraz edir.
Hakim ikisinə də qulaq asır, bir dəqiqə səssiz dayanır, sonra:
– Qadın burada qalsın, – deyir, – sabah yenə gələrsiniz.
Onlar çıxandan sonra bir qəssabla bir yağ taciri gəlir.
Qəssabın üst-başı qan içində, yağ tacirinin də paltarları yağlı idi. Qəssabın əlində bir dəstə pul vardı. Tacir də qəssabın əlini möhkəm-möhkəm tutmuşdu.
Qəssab danışmağa başlayır:
– Mən bu adamdan yağ alırdım. Pul götürmək üçün kisəmi çıxaranda əlimdən yapışdı, bütün pulumu almaq istədi. Buna görə də sizin yanınıza gəldik… Mən pul kisəmi tutmağa çalışırdım, o da mənim əlimi tutmağa cəhd edirdi. Amma pul mənimdir, oğru olan odur!
Qəssab sözünü bitirən kimi tacir sözə başlayır:
– Qəssabın dediklərinin hamısı yalandı. Bu adam mənim yanıma yağ almaq üçün gəldi. Qabını yağla doldurdum. Mənə qızıl pul verəcəyini dedi və pulunu xırdalamağımı xahiş etdi. Pullarımı çıxardım, dəzgahın üstünə qoyurdum ki, pulları qamarlayıb qaçmaq istədi. Mən də, gördüyünüz kimi, onun qolundan tutub sizin yanınıza gətirdim.
Hakim yenə bir dəqiqə səssiz dayanır, sonra sakit səslə deyir:
– Pulları qoyun burada qalsın, sabah gəlin!
Nəhayət, növbə sultanla şikəst dilənçiyə gəlir. Sultan başına gələnləri bir-bir danışır. Hakim onu dinləyəndən sonra üzünü dilənçiyə tutur, onun da danışmasını istəyir.
Dilənçi sözə başlayır:
– Bu adamın sözləri doğru deyil. Onu görəndə yerdə oturmuşdum. Məni görən kimi kəndə qədər aparmağımı istədi. Atıma mindirdim, istədiyi yerə qədər gətirdim. Ancaq mənzilbaşına çatanda atdan düşmək istəmədi, atın da öz atı olduğunu söylədi. Əlbəttə, bu, ağ yalandır.
Hakim əlini saqqalına aparıb bir qədər də düşünür, sonra deyir:
– Atı qoyun burada qalsın, özünüz də sabah yenə gəlin.
Ertəsi gün məhkəmə otağı ağzına qədər dolu idi. Hamı hakimin nə qərar verəcəyini həyəcanla gözləyirdi.
Növbə əvvəlcə əkinçi ilə alimdə idi.
Hakim üzünü alimə tutur:
– Götür arvadını evinə apar, – deyir, – əkinçiyə də əlli qamçı vurun!
Daha sonra qəssabı çağırıb deyir:
– Pul sənindir.
Sonra yağ tacirini göstərib qərarını bildirir:
– Bu adama da əlli qamçı vurun!
Nəhayət, növbə sultanla dilənçiyə çatır.
Hakim sultandan soruşur:
– İyirmi at arasından öz atını tanıya bilərsənmi?
– Tanıyaram, – Bauakas deyir.
– Bəs sən? – deyə hakim şikəst adamdan soruşur. – Sən də iyirmi at arasından öz atını tanıya bilərsən?
– Tanıyaram!
Hakim Bauakasa:
– Gəl mənimlə, – deyir.
Onu götürüb tövləyə gətirir. Bauakas iyirmi at arasından atını o saat tanıyır.
Sonra hakim şikəst dilənçini çağırır, atını göstərməsini istəyir. Dilənçi atı tanıdığı üçün o da o saat atı göstərir. Bundan sonra hamı məhkəmə otağına geri qayıdır.
Hamı gələndən sonra hakim üzünü Bauakasa tutub qərarını bildirir:
– Get, atını al, at sənindir. Bu dilənçiyə də əlli qamçı vurun!
Hakim məhkəmədən çıxıb evinə gedəndə sultan arxasınca gəlib ona çatır.
Hakim soruşur:
– Nə istəyirsən? Yoxsa qərarım xoşuna gəlmədi?
Sultan cavab verir:
– Əlbəttə, gəldi. Ancaq bilmək istədiyim bir şey var: o qadının alimin arvadı olduğunu, pulun qəssaba aidliyini, atın da mənim atım olduğunu necə bildiniz?
Hakim sözə başlayır:
– Yaxşı, hamısını başa salaram. Səhər olan kimi qadını yanıma gətirtdim. Ona: “Zəhmət olmasa, mürəkkəbqabımı doldurarsanmı?” – dedim. Mürəkkəbqabını götürdü, tez təmizlədi, mürəkkəblə doldurdu, gətirib verdi. Deməli, öyrəşdiyi bir iş idi. Əkinçi arvadı olsaydı, nə edəcəyini bilməzdi. Bu da göstərdi ki, doğru danışan alimdir.
Pula gələndə isə… Pulları axşamdan su ilə dolu qaba qoydum. Səhər olan kimi üzərində yağ ləkələrinin olub-olmadığına baxdım, heç bir şey yox idi. Pullar tacirin olsaydı, adamın əlindəki yağ pullara dəyərdi, pulların yağı da suyun üzünə çıxardı. Su tərtəmiz olduğuna görə pullar qəssabın idi.
Ata gəlincə… Sahibinin kim olduğunu söyləmək çox çətin idi. Bu səbəbdən də sizi tövləyə apardım. Bilmək istəyirdim hansınızın atı tanıyacağı deyildi, atın kimi tanıyacağı idi. Sən ata yaxınlaşanda başını sənə tərəf çevirdi, boynunu uzatdı. Dilənçi ona toxunanda isə geri addım atdı, narahat oldu. O zaman atın həqiqi sahibinin sən olduğunu anladım.
Bu vaxt sultan hakimə deyir:
– Mən tacir-filan deyiləm, bu ölkənin sultanı Bauakasam. Buraya da sənin haqqında deyilənlərin doğru olub-olmadığını öyrənməyə gəlmişdim. İndi anlayıram ki, bütün deyilənlər doğrudur. Sən, doğrudan da, çox ağıllı, çox dürüst bir hakimsən. Dilə məndən nə dilərsən, sənə mükafatım olsun.
– Mən mükafat istəmirəm, – deyə hakim cavab verir. – Sultanımın mənə dəyər verməsi mənim üçün ən böyük mükafatdır.
15.05.2026