Gilənar nağılı
Balaca Gilənar bütün günü darvazanın qabağında oturub atasının saldığı bağın keşiyini çəkirdi. Birdən külək qalxdı. Yavaş-yavaş şiddətləndi. Elə bil, onun acığı tutmuşdu. Ağacların üstünə hücüm çəkir, budaqları sındırır, gül ləklərini əzirdi. Gilənar fikirləşdi: Necə edim, atamın bağını küləyin əlindən qurtarım. Yerdən balaca bir daş götürüb küləyə atdı. Külək qışqırdı:
- Ah, dəcəlin biri, dəcəl. Sən mənə daş atırsan?
O, qızı tutmağa çalışdı. Gilənar qaçdı. Şimal küləyi buza dönmüş əlini qızın saçlarına uzatmağa çalışdı. Qız fürsət tapıb divar deşiyində gizləndi. Şimal küləyi qəzəbindən fıyıldadı, qızın gizləndiyi divarı yerlə yeksən elədi. Gilənarı buz kimi soyuq nəfəsilə dondurdu.
- Aha, indi əlimdən qurtara bilməzsən.
Bağban sevimli qızı üçün göz yaşı axıdırdı. Qızın gizləndiyi yerdə bir ağac əkdi. Bağban ağaca Gilənar adı verdi. Buna başqa ağaclardan çox qulluq elədi, əzizlədi. Sərçələr Gilənar ağacı haqqında hər yerdə danışırdılar. Qarğalar bunu Şimal Küləyinə xəbər verdilər. O, da Gilənar ağacını məhv etməyə and içdi.
Bir gün Şimal Küləyi yenə bağa hücüm çəkdi. Arı quşları bağbana xəbər verdilər ki, qızını Şimal Küləyindən qorusun.
Bağban ağacın üstünə ağ örtük saldı. Şimal Küləyi qaçıb gəldi, ağacı axtardı, ancaq tapa bilmədi. Qarğalarla dalaşmağa getdi. Qarğalar bilmirdilər ki, Gilənarın üstündə ağ örtük çəkilib, onlar bundan xəbər tutunca arı quşları fürsəti əldən vermədilər. Onlar bağbana xəbər verdilər. O, da ağacı ağ örtüyünü dəyişdi. Onu yaşıla bürüdü. Şimal Küləyi yenə qaçıb gəldi, bağçaya nəzər saldı. Ağ örtüklü ağac görmədi. Qarğalara acığı tutdu.
Bir də məni aldatsanız, dimdiklərini donduracağam.
Qarğalar Gilənar ağacının yaşıla büründüyünü dedilər. Bağban da bu vaxt yaşıl örtüyə qırmızı düymələr tikdi. Şimal Küləyi yenə Gilənar ağacının yanından ötdü, ancaq onu tanımadı. O, vaxtdan Bağban payızda Gilənar ağacının üstünə sarı, qışda boz örtük çəkdi. O, hər dəfə örtüyü dəyişdirməklə ağacı qoruyurdu.