Mirzə İbrahimov. Göyərçinlərim
Seyran quşların aşiqidir. Uçan quş gördümü, dayanacaq, iri qara gözlərini göyə zilləyib duracaq, quş gözdən itənə qədər dalınca baxacaq. Mavi boşluqlarda, buludun, dumanın içində quşun qanad çalmasından, gah yuxarı, gah aşağı süzməsindən ləzzət alır. Yolu Bakıdakı quş dükanının yanından düşəndə, dükan açıq olsa, mütləq içəri girəcək; olmasa, vitrinin qabağında durub qəfəslərdəki ala-bəzək quşlara tamaşa edəcək. Quşu o qədər sevir ki, hətta anasının nifrət etdiyi boz sərçələr də eyvanlarının dirəyinə qonub cıvıldaşanda işini yarımçıq qoyub onlara baxacaq.Belə hallarda anası deyir:
— Ay Seyran, bu üzünü mürdəşir yumuş sərçələrdə baxmalı nə var, gözünü zilləyib durmusan? Zəhləm səslərindən gedir.
Seyran bir söz demir, çünki anasının sərçələrə nifrət etməsinin səbəbini bilir, hətta ürəyində onu haqlı sayır. Bilir ki, anası sərçələrin əlindən zardır, başına yüz oyun gətiriblər. Seyrangil Bakının "Dağlıq" adlanan hissəsində yaşayırlar. Yəni o hissədə ki, orada hər gün bir şey sökülür, bir şey tikilir. Onların yaşadığı yarısı ikimərtəbə, yarısı birmərtəbə ev də sökülməyə namizəddir. Lakin hələ ki sökülmür, yerində durub və Seyrangil də burada rahatca ömür sürürlər. Həmin evin dörd tərəfdən qapalı balaca həyətində, kim bilir, əlli il, altmış il əvvəl əkilmiş bir meynə var — qara şanıdır. Seyranın ağlı bir şey kəsən gündən görmüşdü ki, bu meynə gəlib-gedənlərin ayağı altında tapdaqdır. Ona top, daş, təpik qalmamışdı dəyməsin. Əyri-üyrü, çatdaq qara kötüyü qabıq verirdi, saysız-hesabsız qarışqa yuvası idi. Həyətin uşaqları bu yana keçəndə əlini atıb yarpağını, təzəcə zoğlarını qırar, qayış kimi möhkəm, köhnə çubuqlarını dartıb sındırardılar. Meynə isə bütün bunlara öyrəşmişdi; nə quruyub məhv olurdu, nə də uzanıb artırdı.
Bir dəfə axşamüstü idi. Seyranın atası işdən qayıdıb əl-üzünü yumuş, çörək yeyərək eyvanda oturub çay içirdi. Birdən gözləri uşaqların top zərbələri altında titrəyən qoca meynəyə sataşdı. Qaşlarını çatıb fikirləşdi və dedi:
— Mən bu qoca meynəni dirildəcəyəm, cavanlaşdıracağam, hətta sizə üzüm də verəcəyəm.
Atası eyvandan həyətə düşdü. Seyranı da çağırdı. Bu zaman məktəb yoldaşı Səfər də onlarda idi. O da Seyranla aşağı endi. Atası haradansa dəstəyi sınıq bir bel tapdı, meynənin dibini belləyib açdı, iki-üç qarış dərinləşdirib lək düzəltdi. Həyətin divarları dibinə tökülmüş daşları uşaqlara yığdırıb ləkin qıraqlarını tikdi. Meynəni ayaqaltı olmaqdan qurtardı, sonra mişarla onun qara kötüyünü, gömgöy nazik çubuqlarını kəsdi. Üstündə yeganə yetişib saralmış çubuq saxladı.
— İndi su gətirin, — dedi.
Seyrangil həvəslə ataya kömək edirdilər. Qaçıb evdən vedrə gətirdilər, doldurub meynənin dibinə tökdülər. Su bir anda qupquru torpağa hopub gedirdi. Onlar torpağı doydurana qədər su daşıdılar.
— İndi gəlin talvar düzəldək, qara şanı talvarı sevir, — deyib atası həyətin küncünü onlara göstərdi.Kimin əlinə nə gəldi bu küncə atdığından, bura dəmir-dümürlə, taxta parçaları və sairə ilə dolu idi.
— Seçin, az-çox yararlı taxta parçalarını və məftilləri zir-zibildən ayırın, — deyə atası göstəriş verdi.Seyrangil həvəslə işləyirdilər.
İyirmi dəqiqə keçməmiş, onlar xeyli yararlı taxta və məftil ayırdılar. Atası talvar düzəltməyə başladı. Seyran və Səfər ona kömək etdilər. Talvar hazır olanda ata çubuğu qaldırıb məftilə ilişdirdi. Meynənin ağzını yuxarı verdi.
— Bircə ilə bütün həyəti basacaq, həm kölgə salıb bizi yayın istisindən qoruyacaq, həm də dadlı şanıya qonaq edəcək.
Bu zaman Seyranın anası da eyvana çıxmışdı. Həmişə atanın evdə gördüyü işlərə inamsız baxdığından bu dəfə də ona güldü:—
Şkafı, stulları, çayniki xarab elədin, indi də meynəyə əl atmısan? Get, bacardığın işdən yapış.
— Bir il sonra baxarsan, — deyib Seyranın atası halını pozmadı.Atasının özünü ağır saxlaması Seyrana xoş gəldiyindən həmişə onun tərəfində olurdu.
— Anam belədir, bizə inanmır, — deyib atasına havadar çıxmaq istədi.
— Yaxşı, az danış, ağzın yekə olar, — deyib ata gülə-gülə Seyrana baxdı. Yaxşısı budur, siz bekar durmayın, küncdəki zir-zibili küçə qapısının dalına daşıyın, maşın gələndə aparar...
Doğrudan da, o biri il gəlib yaz açılanda, xüsusən may girib havalar qızanda meynə qol-budaq verdi. Çox keçməmiş talvarı tutdu, yamyaşıl və iri yarpaqları ilə zontik kimi həyəti örtüb günəşin yandırıcı şüalarını aşağı buraxmadı. İyun ayının ortalarında isə noxud boyda göy gilələrlə dolu salxımlar talvardan aşağı sallandılar. Ata canlanmış meynəyə və bu salxımlara baxıb qürurla deyirdi:
— Hə, gördünüz ki, qara şanı necə şeydir? Əmək itən deyil, bir versən, on dəfə artığı ilə qaytaracaq.
Lakin demək olar ki, bu qədər salxımdan biri də onlara qismət olmadı. Salxımlar yetişər-yetişməz gilə-gilə dənələnib yoxa çıxırdılar. Seyrangil gecə salxımı nişanlayıb yatırdı, səhər ayılıb görürdülər ki, heç şey qalmayıb. Onlar başa düşmürdülər ki, salxımı boşaldan kimdir; böyük bir sirrin qarşısında qalmışdılar. İşin tərsliyindən, o günlər atası kəndlərə getmişdi, bir ay fermalarda olacaqdı. Buna görə də onlar salxımların başına nə gəldiyini müəyyən edə bilmirdilər.Ancaq necə deyərlər, açılmayan sirr yoxdur. Təsadüf bu sirrin də üstünü açdı. Seyran görürdü ki, meynə talvara qalxıb pardaxlanandan həyətlərindən sərçə səsi kəsilmir. O, əvvəlcə belə düşünürdü ki, yəqin hava isti olduğundan yazıq sərçələr gəlib meynənin kölgəsində sərinlənirlər. Ancaq diqqətlə baxdıqda gördü ki, onlar hənirti duyan kimi qaçıb damın tinində ya da dirəklərin, məftillərin üstündə, günün lap altında oturaraq cıvıldaşırlar. Adam içəri çəkilən tək, qoşun kimi yenidən özlərini yarpaqların arasına vurur, yetişmiş gilələri acgözlüklə dimdikləyirlər. Özü də elə görürlər ki, yarpaqların altında, lap qalın yerlərdə də sulanmış salxımları uzaqdan seçir, fürsət tapan kimi üstünə cumur, bir an içində gilələri dimdikləyib zay eləyirlər. İki-üç belə hücumdan sonra baxırsan ki, böyük bir salxımdan heç nə qalmayıb.Sərçələr belə şeydir.
Qara şanıya toy tutduqları gündən Seyranın anası onlara nifrət edir, elə onda:
— Sərçə nə quşdur, qadam ağzına, nə yaraşığı var, nə faydası, — deyib tənzifdən balaca torbalar tikdi. Seyrana verdi: — Ayağının altına kətil qoy, talvara çıx, qalan salxımları sal torbaya, ağzını bağla, görüm necə dimdikləyəcəklər.
Seyran talvara çıxdı, lakin meynənin hansı budağını qaldırdısa, üzüm tapmadı. Hamısını sərçələr aparmışdı. Vur-tut ikicə salxım qalmışdı, onların da zədələnməmiş giləsi yox idi. Anası acığından dedi:
— Sal torbaya, qoy çürüsünlər, sərçəyə qismət olmasınlar. Ananın nifrətini duymuş kimi sərçələr də ondan əl çəkmədilər, intiqam almağa başladılar. Bir dəfə necə olmuşdusa, anası aynabənddə yarma sərib pəncərəni açıq qoyaraq qonşuya getmişdi. Qayıdanda nə görsə yaxşıdır? İki kilo yarmadan yarım kilo da qalmayıb. Bundan sonra ana işlərini ehtiyatlı tutsa da, sərçələr çıxıb getmədilər. Hətta payız gəlib meynənin yarpağı tamamilə töküləndə də damın qırağından, talvardan onların "cib-cibiı" kəsilmədi.
Sərçələrin vurduğu zərərə və anasının nifrətinə baxmayaraq, Seyran onları görəndə bir sevinc duyur, tutub oynatmaq, dən və su vermək istəyir.
Seyrangil yaşayan evin yastı damının üstünə qır döşəyiblər. Bu isə Seyrana xoş gəlmir. Qara qırlı dama baxanda ürəyi sıxılır. Lakin sərçələr damın divarına düzülüb cıvıldaşanda bu qara dam da Seyranın gözünə xoş və şən görünür. Hətta bəzən anasından gizli pəncərədən sərçələrə dən və çörək qırıntıları da atır.
Bu il qış sərt gəlmişdi. Tez-tez xəzri əsir, yağış və qar yağırdı. Görünür, sərçələr yeməyə bir şey tapmırdılar. Damın tinində oturub hey eyvana baxaraq "cib-cib" edirdilər. Seyran anasının evdə olmadığından istifadə edib pəncərənin bir tayını yarı açdı, eyvanın döşəməsinə bir ovuc yarma atdı. Pusquda durdu. Fikri bu idi ki, sərçələr eyvana dolan kimi pəncərəni örtsün və onları tutub saxlasın. Lakin sərçələr çox bic tərpənirdilər: yarmanı götürən kimi özlərini çölə atırdılar.Bu zaman Səfər də gəlib çıxdı. Seyranın fikrini bilib güldü:
— İstəyirsən özünü öldür, sərçə adama öyrəşməz. Bir də ki, sərçə nə quşdur, onu saxlayırsan da? Gəl sənə bir cüt göyərçin bağışlayım. Quş deyəndə göyərçindir. Həm göyçəkdir, həm də ki dünyanın hər yerində onu sevirlər. Anam deyir ki, hansı evdə göyərçin yuva salıb bala çıxarsa, o evə xoşbəxtlik gələr.
— Mövhumatdır, — deyib Seyran Səfərə güldü. — Xoşbəxtliyi adam mübarizədə qazanır. O gün müəllim deyirdi.
— Göyərçin sülh quşudur. Buna ki bir söz deyə bilməzsən. Sabah iki dənə gətirim?
— Gətir, — deyib Seyran razılıq verdi.
Lakin göyərçin məsələsi evdə söhbətə səbəb oldu. Atası eşidən kimi qaşları çatıldı:
— Get özünə sənət tap, quşbazlıq nədir? Texnika dərnəyinə gedirsən, bəsdir. Bu azdırsa, çalmaq öyrən, oxumaq öyrən; yoxsa quşbazlıq?
Seyran atasının niyə belə danışdığını bilirdi. Məhəllələrində quş üstündə neçə dəfə dava-dalaş olmuş, hətta deyilənə görə, keçmişdə adam da öldürmüşdülər. Bakıda "quşbaz" adlanan adamlar işini-gücünü buraxıb xüsusi göyərçin saxlayarmışlar. Onlar qumara öyrəşən kimi quşa öyrəşər və özünə də, qonum-qonşuya da zərər verərmişlər. Başqasının göyərçinlərini şirnikdirib öz həyətinə oturdar və geri buraxmazmışlar. Quş üstündə araya ədavət düşərmiş. Buna görə də "quşbaz" sözü atasının ağzından nifrətlə çıxdı.
— Ata, arxayın ol, mən quşbazlıq etməyəcəyəm. Bilirsən ki, dərslərimdən əlaçıyam və əlaçı olacağam. Texnika dərnəyinə gedirəm və yenə gedəcəyəm. İnan ki, quşların səsini eşidəndə dərsə də, texnikaya da həvəsim artır.
— Ay kişi, uşağın quşdan xoşu gəlir, qoy saxlasın. İki göyərçin saxlamaqla quşbaz olmayacaq ha...
— Bir az sonra iki dönüb olacaq dörd, dörd olacaq səkkiz; başı qarışacaq onlara, bir vaxt görəcəksən ki, qiymətləri düşüb aşağı, gözünə də quşdan başqa şey görünmür.
— Söz verirəm, ata, heç vaxt elə olmayacağam. Heç başa düşmürəm, necə ola bilər ki, quşaq görə hər şeyi unudasan? Elə adamların yəqin ağlı yoxdur, — deyib Seyran atasını inandıra bildi ki, quş onu nə dərslərdən, nə də texnika dərnəyindən soyuda bilər.Məktəblərində xüsusi zoologiya kabineti olduğunu, quşların həyatını öyrəndiklərini atasına xatırlatdı:
— Quşbazlar göyərçinə başqa cür baxırdılar, biz başqa cür baxırıq, — deyib dərin məna ilə əlavə etdi: — Axı biz zoologiya dərsində quşları da öyrənəcəyik.
Yeganə oğlunun və arvadının təkidini qarşısında dura bilməyən atası...
— Yaxşı, görərik necə baxırsınız, — deyib yarıkönül razılıq verdi.
Sabahısı, dediyi kimi, Səfər ona iki göyərçin gətirdi. İkisi də ağ idi. Ancaq dişi göyərçin tamamilə ağappaq olduğu halda, erkəyin boynuna elə bil sarı halqa salınmışdı. Onun ayaqları da çox qəribə idi; sanki köhnə zabitlər kimi uzunboğaz çəkmə geyib bəzənmişdi.
Seyranın ilk gözünə dəyən və xoşuna gələn bu oldu ki, göyərçinlər bir-biri ilə çox mehribandır. Heç zaman bir-birindən ayrılmırdılar. Qəribədir, bu iki quş o qədər bir-birini sevir ki, bir an da ayrı durmur, hey "qur-qur" edərək bir-birini oxşayır. Havada uçanda da bir-birindən çox uzağa getmirdilər. Hansı əvvəl damın qırağına ensə, dayanıb o birini gözləyirdi; o gələndən sonra ikisi bir yerdə eyvana, öz yerlərinə qayıdırdılar.Bir ay keçməmiş onlar dimdiklərində xırda çör-çöp gətirməyə və qutunun bir gözündə yuva tikməyə başladılar. Yuva hazır olar-olmaz, Seyran bir səhər orada balaca, çil-çil yumurta gördü. Yumurta ikiləşəndə göyərçinlər daima növbə ilə onların üstündə otururdular. Düz on səkkiz gün sonra bu yumurtalardan bir cüt bala çıxanda Seyranın sevincinin hüdudu yox idi.
Doğrudur, balalar çox çirkin idi; lüt, qotur, sarımtıl ət parçasına oxşayırdı. Ancaq bu ət parçası həyat kimi isti idi, tərpəşirdi, titrəşirdi. Ananın və atanın hənirtisini duyan kimi ağzını açıb, onların boğazlarında hazırlayıb verdiyi südlü sıyığa oxşar həlimi dərhal udurdu.Balalar çox sürətlə artırdılar. Üç həftə sonra artıq onlar göyərçinə oxşayırdılar.
— Ana, bir bax, gör necə gözəldir, necə yaraşıqlıdır, — deyib Seyran böyük bir həvəslə hər gün anasının qolundan tutub onlara tərəf çəkirdi.Hətta bir dəfə cəsarət edib atasını da göyərçinlərin yanına gətirmək istədi:
— Ata, elə maraqlıdır ki, bir gör necə artırlar.
— Axı bunların nə xeyri? — deyib atası ona məhəl qoymadı. — Boş yerə vaxt itirməkdir.
— Yox, ata, — deyib Seyran özünü unudaraq etiraz etdi. — Göyərçin çox faydalı quşdur, özlərinin də çox maraqlı həyatları var.
Seyran göyərçinlərin növlərindən — poçtalyonluq edən, əti yeyilən və sair göyərçinlərdən danışanda atası heyrətlə ona baxdı.—
Bunları haradan bilirsən?
Onda Seyran quşlar haqqında Azərbaycan və rus dilində axtarıb taparaq oxuduğu kitabları ona göstərdi:
— Çox maraqlı aləmdir, ata, — dedi.
Atası bığının altında "hımm" eləyib susdu. Seyran nə qədər düşündüsə, bu "hımm"ın mənasını anlaya bilmədi; bilmədi atası onun hərəkətlərini təqdir edir, yoxsa yenə ondan narazıdır. Lakin daha böyük həvəslə göyərçinləri bəsləyib artırmağa qurşandı.
O qədər qurşandı ki, bir gün texnika dərnəyinin məşğələsinə getməyi unutdu. Atası bundan xəbər tutanda acıqlandı:
— Dedim ki, quşbazlığın axırı yoxdur.
— Mən quşbazlıq eləmirəm, — deyib Seyran yavaşca etiraz etdi.
— Bəs dərnəyi niyə buraxmısan? Bu gün dərnəkdən soyuyarsan, sabah dərsdən. Yox, belə olmaz. Məktəbə gəlib direktorunuzla danışacağam...
Atası otağına çəkiləndən sonra Seyran göyərçinləri ilə tək qaldı. Artıq onlar xeyli artmışdı. Eyvandan havaya birdən-birə on göyərçin qalxırdı. Özü də müxtəlif rənglərdə. Bunların heç biri kənardan gəlmə deyildi; Seyranın səyi nəticəsində Səfərin verdiyi iki göyərçindən doğub-törəmişdi. Bunu hiss etdikcə Seyran həm sevinir, həm də kədərlənirdi. Kədərlənirdi ki, niyə atası göyərçinləri sevmir. Atasının məktəbə gəlmək fikri onun həyəcanını bir az da artırmışdı. Ona görə yox ki, Seyran pis oxuyurdu və ya məktəbdə kölgəli bir işi vardı. Yox. O, yenə də əlaçı idi və yaxşı şagirdlərdən hesab olunurdu. Onu qorxudan o idi ki, atası müəllimləri də öz tərəfinə çəkər, hamısı birləşib onu göyərçinlərdən, sevdiyi quşlar dünyasından ayırarlar.
Sabahısı, üçüncü dərsdən sonra, tənəffüs zamanı Seyran məktəbin dəhlizində yoldaşları ilə söhbət etdiyi yerdə gördü ki, atası yavaş-yavaş pillələri qalxır. Kişi çox qaşqabaqlı olmasa da, fikirli idi. Seyran tez onun qabağına qaçıb salam verdi, qarşıladı. Atası:
— Məni direktorun otağına apar, — dedi.
Seyran qabağa düşdü. Kabinetin qapısındaca tədris hissə müdiri onlarla üzbəüz gəldi.
— Seyran bala, kimi axtarırsan? — deyib gur qara saçlarına yenicə dən düşən müəllim ana nəvazişi ilə dolu iri qara gözləri ilə Seyranı süzdü.
— Müəllim, atam direktoru görməyə gəlib, — deyərək Seyran atasını göstərdi.
Dərs hissə müdiri dərhal onun atasına müraciət etdi:
— Gəlməkdə çox yaxşı etmisiniz, — dedi. — Yəqin maraqlanırsınız ki, Seyran baladan razıyıq, ya yox? Çox razıyıq. Hamımız razıyıq. Gül kimi baladır. Çalışqandır, gözüaçıqdır, tərbiyəlidir. Uşaqların çoxu bu yaşda öz istedadlarını büruzə verə bilmirlər. Bu gün bir şeyi sevirlər, sabah başqa şeyi. Seyran bala isə indidən bildirir ki, gələcəkdə böyük zooloq olacaq.
Müəllim eyni mehriban gözlərini ani olaraq Seyranın üzündə gəzdirib yenə atasına baxdı:— Yəqin siz də hiss etmişmisiniz ki, onda quşlar aləminə böyük həvəs var. Biz məktəbimizdə "Quşları sevin!" adlı guşə düzəltməyi və bu işi Seyrana tapşırmağı qərara almışıq. Bu barədə onun çox gözəl fikirləri var. Hamısını yerinə yetirsə, məktəbimiz lap quşlar parkına çevrilər.
Müəllim həvəslə danışdıqca Seyran gah ağarır, gah qızarır və gözünü atasından çəkmirdi. Görünür ki, bu sözlər atanın da xoşuna gəlirdi, getdikcə onun rəngi açılmaqda, gözləri işıqlanmaqda idi. Nəhayət, tədris hissə müdiri dedi:
— Sizi dəhlizdə çox saxladım, bağışlayın. Sizə görə demirəm, öz aramızda da biz Seyrandan çox danışırıq. Buyurun içəri, direktor maarifə gedib, gərək indicə gəlsin. Vacib söhbətiniz var?
— Elə bir sözüm yoxdur, — deyib atası müəllimin əlini sıxdı. — Çox sağ olun. Elə-belə gəlmişdim, məni arxayın saldınız. Deməli, göyərçinlər dərsinə mane olmur?
— Əksinə, kömək edir, — deyib müəllim qətiyyətlə təsdiq etdi. — Sağlıq olsa, göyərçinin qanadlarında Seyran uzaqlara, çox uzaqlara uçacaq...
Zəng çalındı. Seyran sinfə qaçdı. İçəri girəndə dönüb bir də dala baxdı. Atası ilə müəllim bərk-bərk bir-birinin əlini sıxıb ayrılırdı. İndi Seyranın bütün narahat duyğuları və həyəcanları sevincə, çalışmaq həvəsinə çevrilmişdi.
12.05.2026