Mirvarid Dilbazi. Çiçək ətri
Bahar gəlmişdi. Balaca Leyli bütün günü çəməndən evə qayıtmaq istəmirdi. Bağlar çəmənlərdən də gözəl idi. Yaz yeli əsdikcə, güllərin açılmamış düymələri açılırdı. Ağaclar tərpəndikcə, ağ çiçək ləçəkləri yerə tökülürdü.
Yerə sanki əlvan xalı salınmışdı. Leyli bu əlvan çiçək ləçəklərin üstündə oturmağı çox xoşlayırdı. Bal arıları tüklü ayaqlarını çiçək tozlarına bulayıb uçur, uçur, elə hey vızıldaşırdılar. Quşlar cəh-cəh vurub səhər günəşini salamlayırdılar. Kəpənəklər güldən-gülə qonurdular. Bahar gəldiyi üçün şadlıq edirdilər. Bağ arası kiçik arxlar şırhaşır axırdı. Leylinin anası ağacların dibini boşaldıb onlara su verirdi. Ana axşama qədər bağda işlədi. Ağaclar axşama kimi Leylinin başına çiçək tökdü. Quşlar ona gözəl nəğmələr oxudular. Kəpənəklər lap onun yanından uçdular. Leyli özü də kəpənəklər kimi güllərin arasında qaçdı. Quşlar kimi nəğmə oxudu. Axşama yaxın get-gedə bağın işığı azaldı, quşların nəğmələri susdu. Kəpənəklər çiçəklərin arasında gözdən itdilər.
Leyli anası ilə evə qayıtdı. Nənəsi onu qarşıladı, qollarını açdı. Leyli nənəsinin qucağına atıldı. Nənə onu öpüb qoxuladı, birdən:
— Bəh-bəh, sən lap çiçək ətrisan ki, — dedi.
Bundan sonra Leylini evdə «Çiçək ətri» çağırdılar.
15.05.2026