Şeirlər

Coşqun Xəliloğlu. Qızıl Əhməri

Bəzi uşaqlar  bilmir
Mənim adımı doğru,
Özüm o gün apardım
Uşaqlar ilə sorğu.

 

Neçəsi dedi, mənə:
"Adın Qızıl Əhməddir".
Dedim: "Səhv salmaq olmaz,
Ad axı, bir nemətdir.

 

Bilin ki, ay uşaqlar,
Hərənin öz adı var,
Hər meyvənin öz rəngi,
Öz ətri, öz dadı var.

 

Mən Qızıl Əhməriyəm,
Yanağım qıpqırmızı,
Bağın şirin, sevimli,
Bir az da nazlı qızı.

 

Hamı məni xoşlayır,
Axı gözəl dadım var,
Adımı düzgün deyin,
Mənim gözəl adım var"