Şeirlər

Rahil Məmməd. Qələbə müjdəsi

Gül, ey Azərbaycan, gözlərin aydın,
Əzildi zəhərli ilanın başı!
Analar, bacılar, ağı deməyin,
İndi qismətimiz sevinc göz yaşı!
 
 
Ey Şuşam, bir daha gözlərin aydın,
Sənə sahib çıxdı mərd oğulların.
Adını tarixə yazdı hünərlə
Dosta dost, düşmənə sərt oğulların!
 
 
 
 
 
Gözəl Qarabağım, eynin açılsın,
Sən artıq deyilsən düşmən tapdağı.
İndi al qoynuna zirvələrində
Ulduzlu, hilallı üçrəng bayrağı!
 
 
Haçandır qoynundan uzaq düşmüşdük,
Səninlə həsrətin otuzdur yaşı.
Hüsnünü görməyən fidan oğullar
Yazır tariximə zəfər savaşı.
 
 
Sən də dön, yurdundan ayrı düşənim,
Məhəbbət çiçəyim, xarıbülbülüm!
Hələ yaraları təzə olsa da,
Bir ağız oxusun barı bülbülüm!
 
 
Ali Baş Komandan, sən də var ol ki,
Qələbə sevinci yaşatdın bizə!
Hünər tariximə yazdın adını,
Sanki işıq verdin gözlərimizə!
 
 
Ruhunuz şad olsun, şəhid oğullar,
Dəniztək çağladı Vətən sevginiz!
Ölümün gözünə dik baxa-baxa
Şəhidlik zirvəsi fəth etdiniz siz!
 
 
Ey müzəffər ordum, eşq olsun sənə,
Sən öz savaşınla tarix yaratdın!
Verib dostlar ilə çiyin-çiyinə
Qələbə eşqiylə murada çatdın.