Şeirlər

Məhəmməd Hadi. Amali-istiqbal

Həmvarə bahar ol bizə, ey gülşəni-amal,
Aləm sənin ilə oluyor naili-amal.
Sənsən bizə hər dəmdə əməlbəxşi-səadət,
Minlər yaşa, ey şiveyi-ənvari-hidayət.
Tə'lim ediyorsan bizə mə'nayi-həyati,
Zülmətgədeyi-yə'sə saçırsan ləmə'ati.
Ümmidinə ümmidlə ümmid edəriz biz.
Sənsən bizə həm dəmdə əməlbəxşi-səadət,
Məqsudi-əvalimsən, əya şiveyi-fitrət!
Amal qılıb aləmi ülviyyətə məzhər,
Amali-təfəyyüzlə olur şəxs hünərvər*.
Vabəstədir ancaq əmələ şövkəti-millət,
Millət edər ümmidlə kəsbi-mədəniyyət.
Ümmid olmazsa, bu cahani-ələmavər -
Bir faciəza lövheyi-qəmpərvərə bənzər.
Ümmid ediyor adəmi varəsteyi-möhnət,
Ümmidsiz adəm görəməz ruyi-məsərrət.
İnsanlığı insandan alır yə'slə hirman,
Bir valiyi-vəhşətdə qoyar adəmi xüsran.
Ümmidi-təalilə olur kəsbi-təkamül,
Ümmid ilə insan ediyor teyyi-mərahil.
Amal ilə dərdəst olur əsbabi-məali,
Biz də olalım millət, əməlcuyi-təali!
Dərguş qılın tövsiyeyi-əqlpəsəndi.
Ümmidlə yazdım sizə atidəki “bənd"i*:
Ümmid ilədir binayi-aləm,
Ümmid mühəndisi-cahandır.
Zövqavəri-fikr, qəlbü candır.
Ümmid ilədir bəqayi-adəm.